Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, havanın temperaturu gecə 3 -5, gündüz 7-10 dərəcə isti olacaq.
Rayonlarda da arabir yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında 2-7 isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
A. Verdiyev deyib ki, belə qeyri-sabit hava şəraiti martın 25-i gündüzədək davam edəcək.