Ötən gecədən başlayan güclü külək və yağış ölkənin cənub rayonlarında bir sıra fəsadlar törədib. APA-nın cənub bürosunun məlumatına görə, təbii fəlakət əsasən bölgənin enerji təsərrüfatına ciddi ziyan vurub. Belə ki, ayrı-ayrı ərazilərdə aşan iri gövdəli hündür ağaclar bəzi yaşayış evlərinin dam örtüklərini dağıdıb, onlarla elektrik dirəyini aşırıb, naqilləri qırıb. Nəticədə bölgənin yüzlərlə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində problemlər yaranıb.
Ötən gecə həmçinin Lerik və Yardımlı rayonlarına da qar yağıb. Lerikə yağan qarın hündürlüyü 30-35, Yardımlıda isə 15-20 santimetr təşkil edir.
Rayonların müvafiq idarə və təşkilatları hazırda dəymiş ziyanın nəticələrinin aradan qaldırılması işinə səfərbər olunumaqla enerji verilişinin bərpa edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görürlər.
Bölgədə yağıntılı hava şəraiti isə davam etməkdədir.