Bu gün Gəncə şəhərində Gənclər üçün Təhsil Mərkəzinin yeni regional ofisinin açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan ofisin rəhbəri Natella Əhmədova yeni məkanın açılması zərurəti haqqında çıxış edərək bildirib ki, ofis əsasən gənclərin inkişafı məqsədilə yaradılıb və burada gənclərin asudə vaxtının səmərəli təşkil etmək üçün hər bir şərait mövcuddur.
Mərkəzin katibliyinin rəhbəri Fariz Budaqov yeni ofisin açılışı münasibətilə gəncləri təbrik edərək, Gəncə şəhərində və ətraf rayonlarda gənclərin daha fəal olmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Bildirib ki, Mərkəz artıq 5 regional ofisi vasitəsilə gənclərin inkişafına yönəlmiş layihə və proqramlar icra edir.
Gəncə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Əsgər Babazadə, Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Zeynalov və digər rəsmilər çıxış edərək, gənclərə hər zaman dəstək olacaqlarını bildiriblər.
Daha sonra qırmızı lent kəsilib və qonaqlar ofislə yaxından tanış olublar.
Ofisdə gənclər üçün kompüter, internet, xarici dil kursları, maraq kursları, idman, mədəniyyət və s. klublar fəaliyyət göstərir.
Qeyd edək ki, 2 gün bundan öncə Mərkəz Ağcabədi rayonunda özünün Qarabağ Regional Ofisinin açılışını da etmişdir.