Ötən həftə Göyçay rayonunun Yekəxana kəndində təşkil edilən toy mərasimində baş vermiş kütləvi zəhərlənmənin dəqiq səbəbi bəlli olub.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev Lent.az-a açıqlamasında deyib ki, zəhərlənməyə səbəb ilkin iddia edildiyi kimi meyvə şirəsi yox, toyda istifadə edilmiş digər qidalar olub.
İ.Abdullayevin sözlərinə görə, Göyçay Rayon Prokurorluğu tərəfindən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilmiş toy mərasimində istifadə olunan qida qalıqlarından götürülmüş nümunələrin laboratoriya nəticələri bəlli olub: “Nümunələrin laboratoriya nəticələrinə əsasən, bişmiş ət nümunəsində, qablaşdırılmış bişmiş toyuq əti nümunəsində bağırsaq çöplərindən qrupundan olan E.Coli, protey bakteriyalar, qablaşdırılmış, dilimlənmiş təzə xiyar və pomidorda bağırsaq çöpləri qrupundan olan salmonella, E.Coli, protey bakteriyaları, şüşə butulkaya qablaşdırılmış dilimlənmiş ağ pendir nümunəsində də bağırsaq çöpləri qrupu bakteriyaları aşkar edilib.
İ.Abdullayev əlavə edib ki, zəhərlənmiş üç şəxsin qusuntu qalıqlarında da protey bakteriyaları aşkar edilmişdi.
Qurum rəsmisi bildirib ki, hazırda laboratoriya nəticələri haqda məlumat Göyçay Rayon Prokurorluğuna göndərilib və məsələ ilə bağlı prokurorluq tərəfindən araşdırma davam etdiriləcək.
Eyni zamanda Gigiyena və Epidemiologiya Mərkəzi kütləvi zəhərlənmə baş vermiş şadlıq evində yoxlamalar aparmaq üçün İqtisadiyyat Nazirliyinə məktubla müraciət edib.
Xatırladaq ki, Göyçay rayonunda baş vermiş kütləvi zəhərlənmədə 38 nəfər zəhərlənmişdi. Zəhərlənən şəxslər toyda içdikləri meyvə şirəsindən zəhərləndiklərini iddia edirdilər.