Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Zoologiya İnstitutunda biologiya elmləri doktoru, mərhum alimimiz Zülfüqar Quliyevin ölümündən 3 il ötür.
Azərbaycanın görkəmli alimi, institutun “Su heyvanları” şöbəsinin müdiri vəzifəsində çalışmış Z. Quliyev 3 iyun 1932-ci ildə Gədəbəyin eyniadlı qəsəbəsində müəllim ailəsində anadan olub. 1956-cı ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra 3 il müddətində qəsəbə orta məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. Biologiya elmləri doktoru, tanınmış ixtioloq-alim Zülfüqar Mustafa oğlu Quliyev 2012-ci il fevral ayının 12-də Bakı şəhərində vəfat edib.
Zülfüqar müəllim 1958-ci ilin dekabrında AMEA-nın Zoologiya İnstitunda ixtiologiya ixtisası üzrə aspiranturaya daxil olub. O, akademik A. N. Derjavinin rəhbərliyi altında “Kürətrafı ərazidə külmənin biologiyası və ehtiyatının vəziyyəti” mövzusunda yerinə yetirdiyi dissertasiya işini 1963-cü ildə müvəffəqiyyətlə müdafiə edib. 1981-ci ilədək həmin institutda laborantdan laboratoriya müdiri vəzifəsinədək yüksəlib. Z. Quliyev 1997-ci ildə “Cənubi və Orta Xəzər hövzəsinin çəki və xanıkimi balıqları populyasiyalarının strukturu, ekologiyası, yayılması və ehtiyatının bərpa olunması tədbirləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, biologiya elmləri doktoru elmi dərəcəsi alıb.
O, 1981-2005-ci illərdə Azərbaycanda balıqçılıq təsərrüfatı ilə bağlı olan müxtəlif institut və idarələrdə məsul vəzifələrdə çalışıb. 2005-ci ildə Zoologiya İnstitutunun “Su heyvanları” şöbəsinin müdiri vəzifəsinə seçilib və ömrünün sonunadək bu vəzifədə işləyib. Xəzər dənizi və daxili sututarların sənaye əhəmiyyətli balıq sərvətlərinin artırılması, forel təsərrüfatlarının yaradılması sahəsində Zülfüqar müəllimin xüsusi xidmətləri olub. Həmkarları arasında həmişə böyük nüfuz sahibi olan Z. Quliyev 5 monoqrafiyanın, 260-dan yuxarı elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 5 namizədlik dissertasiyası müdafiə olunub.
Z. Quliyevin əsas elmi nailiyyətlərindən biri də Xəzər dənizinin Azərbaycan ərazisində məskunlaşan çəkikimi və xanıkimi balıqların növdaxili dəyişkənliyinin populyasiya səviyyəsində tədqiqi, Azərbaycanın dağ çaylarında və göllərində yaşayan forel balıqların morfobioloji əlamətlərini ətraflı öyrənməsidir. O, Azərbaycanda göl balıqçılığının, eləcə də forel balıqçılığının inkişaf etdirilməsinin elmi əsaslarını hazırlayıb, respublikada ilk forel balıqçılıq təsərrüfatlarının yaradılmasına nail olub, onların səmərəli fəaliyyət göstərmələri üçün elmi və praktiki köməklik göstərib.
Vəfatının ildönümü münasibətlə mərhum alimin ailəsi, yaxınları və dostları onun işıqlı xatirəsini anıblar.
Biz də görkəmli alimimizi hörmətlə anır, ona Allahdan rəhmət diləyirik!