Gənclik - davamlı inkişafın əsas qüvvəsidir
03 may 2013 22:40 (UTC +04:00)

Gənclik - davamlı inkişafın əsas qüvvəsidir

Dünyanın əksər qabaqcıl ölkələrinin siyasi təcrübəsində gənclər siyasətinin xüsusi mövqe tutmasını  açıq-aydın görmək mümkündür. Bu, heç də təsadüfi deyil. Gənclər siyasətinin düzgün həyata keçirilməsi dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirməklə  yanaşı onun həyata keçirməyə çalışdığı dövlət siyasətinin dəstəklənməsinə və müvəffəqiyyətlə həyata keçirilməsinə gətirib çıxarır.

 

Gənclər dövlətin gələcək idarəçiləri, qabaqcıllarıdır. Azərbaycan Respublikasında gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz Ulu Öndərin qətiyyətli səyiylə gənclərlə dialoq yaranmış, gənclərdə özünə inam artmış, dövlətin ictimai-siyasi həyatında iştiraka cəlb olunmağa başlamışlar. Sağlam düşüncəyə, təfəkkürə, əqidəyə malik gənclərin formalaşması dövlətin gələcəyinin əsas təmini rolunda çıxış edir. Bu gün Azərbaycanda gənclər siyasəti uğurlu şəkildə həyata keçirilir. Bu siyasəti aşağıdakı zəminlərə əsaslandırmaq olar:

 

  • Gənclərin dövlətin ictimai-siyasi həyatında fəal iştirak etməsi gənclər siyasətinin düzgün reallaşmasının göstəricisidir;
  • Gənclər siyasəti müddətsiz həyata keçirilən bir siyasətdir, yəni dövlətin bu gününü, sabahını müəyyənləşdirən və formalaşdıran siyasətdir;
  • Gənclər Azərbaycan gerçəkliklərin dünyaya obyektiv şəkildə nümayiş olunmasının əsas qüvvələrindəndir;
  • Azərbaycanın dinamik inkişafı zəngin intellektual potensiala malik gənclərin yetişdirilməsi ilə birbaşa əlaqəlidir;
  • Dövlətin gənclərin fəaliyyəti üçün geniş imkanlar yaratması siyasi kursun uğurla həyata keçirilməsinin təminidir. Məsələn, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə yardım edilməsi, gənclər təşkilatlarına dövlət yardımı və s.
  • Texnoloji yeniliklər, informasiya dövrü, innovasiyaların inkişafı cəmiyyətdə və dövlətdə gənclərə xüsusi imkanlar yaratmış fəaliyyətin bütün sahələrində onların nəzərəçarpacaq dərəcədə inkişaf etmələrinə şərait yaratmış, dövlət idarəçiliyində, dövlət qulluğunda, müxtəlif xidmət sahələrində, həmçinin özəl sektorda geniş təmsil olmalarına kömək etmişdir

Qloballaşan dünyada gəncliyin tərbiyəsi, milli-mənəvi dəyərlərimizə bağlılığı ruhunda tərbiyə olunması məsələsi daha aktualdır. Biz həm dünya təcrübəsinə, Qərb dəyərlərinə istinad etməli, lakin milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Bu gənclərdən böyük məsuliyyət tələb edir. Xüsusilə də xaricdə təhsil alan, yaşayan gənclərimiz Azərbaycan dəyərlərinin yayılması, unudulmaması istiqamətində işlər görməli, təbliğat aparmalıdır. Gənclərə vətənpərvərlik hissinin aşılanması, azərbaycançılıq ideologiyasına, dövlətçiliyimizə sadiqliyi müasir dövr gəncindən tələb olunan əsas vəzifədir. Mənfi təsirlərə məruz qalan və milli vətənpərvərlik hissləri ilə böyüməyən gənclik gələcəkdə nəticə etibarilə həmin millətin özü üçün problemlər yaradır. O millət ki gəncliklə məşğul olmur, onun gələcəyi yox səviyyəsindədir. 

  Müasir Azərbaycan gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Dövlət gənclər siyasətində istedadlı gənclərin müəyyən edilməsi, dəstəklənməsi və inkişafına böyük diqqət ayrılır. Təhsilli, yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda dövlətin oynadığı rol bu gün daha aktualdır. Xüsusi diqqət gənclərin intellektual inkişafının dəstəklənməsi istiqamətinə ayrılmışdır. Azərbaycan gənclərinin beynəlxalq səviyyədə tanıdılması və onların inkişafının stimullaşdırılması məqsədilə istedadlı tələbə, gənc alim, yaradıcı gənclərin beynəlxalq mübadiləsi dəstəklənmiş, xaricdə keçirilən yarış, müsabiqə layihə təqdimatında iştirakı təmin edilmişdir. Buna sübut kimi, artıq 2010-cu ildən start götürən Avropa Şurasının gənclərlə bağlı keçirdiyi seminarlarda Azərbaycan gənclərinin də təmsil olunmasıdır. Seminarlara gənclər parlamentlərinin təmsilçiləri, gənc siyasətçilər, gənclərin ictimai birliklərinin nümayəndələri, deputatlar, jurnalistlər qatılırlar. Növbəti seminar Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının keçirildiyi günlərdə təşkil edilmişdir. Bu seminarda da Azərbaycan gəncləri fəal şəkildə iştirak etmiş, həmçinin proqram çərçivəsində seminar iştirakçılarından bir qrupunun AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü ilə görüşü də təşkil edilmişdir. Bu tipli seminarların həyata keçirilməsi bir tərəfdən gənclərimizin bilik və təcrübə toplamalarına, digər tərəfdən isə dövlətimizin ictimai-siyasi həyatının aktual problemlərinin  gənclər tərəfindən qiymətləndirilməsinə, müzakirəsinə, həlli yollarının tapılmasına, gənclər siyasətinin daha da inkişaf etdirilməsi perspektivlərinə stimul verir.

Azərbaycan gəncliyi ictimai-siyasi həyatda baş verən proseslərə biganə qalmamalı, dövlətin inkişafına öz töhfələrini verməlidir. Çünki gənclik dövlətçiliyimizin, gələcək Azərbaycanın qarantıdır.

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar"

İctimai Birliyinin  fəalı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818
avatar

Oxşar yazılar