Bir qrup ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən, yaradıcı gənclərdən ibarət heyətin iştirakı ilə 2 fevral - Azərbaycan gəncləri günü münasibəti ilə Goranboy rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə görüş keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd, cəbhə bölgəsində xidmət edən gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək olub.
Görüş zamanı hərbi hissədə xidmət edən əsgər və zabit heyəti qarşısında yaradıcı və istedadlı tələbələrin iştirakı ilə konsert proqramı təşkil edilib, hərbi xidmətdə fərqlənən bir qrup gizir və əsgərə Gənclər və İdman Nazirliyinin diplom və xatirə hədiyyələri təqdim edilib. Tədbirə Gənclər və İdman Nazirliyinin sektor müdiri E.Hüseynov, Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini E.İsmayılov, “N” saylı hərbi hissənin komandiri Q.Abbasov, Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisi E.Həsənov habelə respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin bir qrup fəal tələbəsi də qatılıb.