Filankəsin mənə borcu var, vermir...
Fəsmankəsə borcum var, qaytara bilmirəm...
O qızı ala bilmirəm...
O oğlana ərə gedə bilmirəm...
Evim yoxdur....
Filan məmur məni incidir...
Vəə....
...Və mən özümü yandırıram...
...Və mən özümü asıram...
...Və mən özümü körpüdən atıram...
Körpü demiş, körpüdən tullanıb intihar eləmək artıq dəbə çevrilib əməlli başlı. Açığını desəm məndə də intihara cəhd marağını yaranıb bir az. İstəyirəm problemlərim, arzularım, bir sözlə altından qalxa bilmədiyim hər şeyi siyahıya yazam ve gedem cıxam oturam o məhşur körpünün üstündə. Adbaad da deyəm ki, filan-filan adamlar gəlməsələr burdan düşən deyiləm....
Qalmışam iki daş arasında... Axı bu həm də ölkədə yaşaya hər kəsi düppədüz şantaj eləməkdir. Son aylarda o məhşur körpüdə baş verənlərə görə müşahidəm bir də onu deyir ki, biz bu pis vərdişə artıq öyrəşməkdəyik. Tullanmaq vərdişinə və şantajla nəsə əldə eləməyə. Hətta o qədər vərdiş eləmişik ki, son intihara cəhd edən qardaş üst başının səliqə səhmanına belə diqqət yetirmişdi. Nə də olsa kənardan adamlar baxır axı. Mən gördüyüm video görüntülərdə hətta adam adamlara əl də sallayırdı. Adam bilmir gülə, ya ağlaya...
Səmimi deyirəm başa düşürəm. Anlayıram. Vallahi-billahi inanıram ki, insanın çıxacaq yolu olsa ordan çıxıb gedər. Yəni problemini çözər. Daha körpüyə dırmanıb, ordan tullanıb, ölüb getmək yolunu seçməz. Amma yenə də vallahi-billahi ki, o da yol deyil. Niyə, deyə soruşsanız deyim...
Əvvəla elə bir insan yoxdur ki, ömrü boyu azı bir dəfə intihar eləmək haqda düşünməsin, həyatından bezməsin.
Bax ən azı bircə dəfə özünüzə söyləmisinizmi ki, ay Allah məni öldür? Ya da ay Allah mən niyə yaşayıram?.. Ay sağ olun...O elə Allaha göstəriş verməkdi, həm də xəbərdarlıqdır ki, sən eləməsən özüm eləyərəm... Başqa sözlə bu özümü öldürməyin bir addımlığındayam deməkdir.
Həyatımız nə qədər çətin olur olsun öz canımız bizə əmanətdir. Hansı haqla əmanətə xəyanət eləyib öldürürük özümüzü. Özünə əl qaldırmaq yaxşı yol deyil. Yaxşı yol odur ki, yaşayaq, mübarizə aparaq və qalib gələk. Əzrayilin da, məmurun da başına dünyanın odunu ələyək. Lap elə bizi körpüyə dırmaşdıran o bivec şeytanın özünə deyək ki, ged özün tullan...
Amma hanı? Adamlar tullanmağı yandırmağı çıxış yolu bilir. O cür yaraşıqlı körpü də az qala ölüm körpüsü statusunu alıb, ya da şantaj körpüsü. Kim nədən narahat, nigarandırsa, kimi nə qane eləmirsə qalxıb oturur körpünün üstündə. Vallah mən nə o körpünü inşa edənləri qınayıram, nə də ora dırmananları. Sadəcə bu təkrar hadisələrə yol verənlərdədir günah. Və buna görə aidiyyatı qurumlara təklifim var. Orda bir mühafizə postu qurun. Ya da sökün bütün körpüləri canımız qurtarsın. Onsuz da bu şəhərdə yolçuluq işləri bitmir. Bir də sökülən körpü olsun. Noolacaq ki?! Bəlkə olsa-olsa körpüdən tullanmaq həvəsində olanların sayı azalar.
And olsun Allaha ki, yazılanlar rişğənd deyil. Dedim axı çıxılmazlığın nə demək olduğunu adım kimi bilirəm. Amma ölməmişəm?!. Və məncə düz eləmişəm. Ölüm, sevinsinlər? Ölüm, desinlər ki, Allah sənə şükür tələb eləyənin biri də azaldı?!. Ölmək olmaz! İndi heç olmaz. İndi daha çox yaşamaq lazım. Çünki hələ nə qədər görəcəyimiz işlər var. Və neçə-neçə ölməlilər var bu həyatda, lap elə bu ölkədə də...Yoxsa gedib tullanıb ölmək?! Mənə nə deyirsiniz deyin bu yol deyil, sadəcə ölümə tullanmaqdı...
Dediyim odur ki, bu tullanmaq məsələsini bir az yığışdıraq. Bəlkə də haqqımızı sona qədər tələb eləməyi bacarmaqdan keçir bunun yolu. Bəlkə də bir ictimai qınaq başlasın buna görə. Bəlkə də cahilliyin daşını bir yana tullayaq bizim qazancımızdan tutulan vergilərdən əməkhaqqı alan məmurları bizə işləməyə məcbur eləyək, öyrədək onları. Amma lütfən körpüdən tullanmayaq...
Düzdü mübarizə aparmaq təklifini yazmaq, gedib onu eləməkdən asandı deyənlər də olacaq. Və haqlıdırlar. Amma mən də haqlıyam. Biz nəyləsə, kimləsə mübarizə aparacaq qədər güclü olduğumuza inanmalıyıq, yoxsa elə hamımızın yolu bir gün gedib hardansa tullanmaqdan keçəcək. Mən də istəmirəm ki, yaşadığım ölkənin hansısa vətəndaşı rişgənd obyekti olsun. Desinlər heç nə bacarmadı, getdi hardansa tullandı və öldü. Heç nə də dəyişmədi, sadəcə öldü. Özünü götürdü getdi. Özünü o dünaya, Allaha, əzrayilə sırıdı... Qalan hər şey də elə qal oğlu qal oldu...
Bir də bizlərin hardan və necə tullanmasına təkcə özümüz yox, həm də başqaları baxır. O başqaları ki, bir Boinqini almayanda ölkəni vətəndaş müharibəsi həddinə gətirməyə hazırdılar. O başqaları ki, neft-qaz olmasa Azərbaycan adlı məmləkətin yerinə süpürgə də çəkərlər. Yəni onlar üçün sənin, mənim, onun, bir sözlə bizim hansısa körpüdən tullanmağımız sadəcə hadisə deyil, həm də faktdır. Vətəndaş hüququnun pozulması faktı. O üzdən heç yerdən tullanmayaq. Lazım gəlsə məhşur filmdə deyildiyi kimi, “əridib o yağı qurğuşun kimi tökək” həmin o adamı canından bezdirən məmurun boğazına. Axı buna bu gün imkan var. Qoy adımızı demaqoq, ərizəbaz, şikayətçi, işverən qoysunlar. Axırı bir gün onların da işinə yarayarıq, fikirləri dəyişər. Amma bircə hardansa tullanıb ölməyək...
Yoxsa bir də görərik sevməyənlərimizin hamısı bir yerə cəmləşib dedi ki, bilirsiz nə var siz tullanmağa vərdiş eləmisiniz, gedin elə körpüdən zaddan tullanıb başınızı girləyin. Qarabağ filanla da yoxdur day...
Gəlin papağımızı qoyaq qabağımıza düşünək, görək belə tullanmaq bizə lazımdımı?... Lazımdısa onda gedin tullanın lütfən, ya da elə əl-ələ tutub hamımız birlikdə tullanaq...