Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Gəncədə regional müşavirə keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə tədbirdə quruma daxil olan agentliklərin nümayəndələri, müstəqil qurumların və qərb regional mərkəzinin əməkdaşları iştirak edib.
Müşavirədə regionlarda Fövqəladə Hallar Nazirliyinin funksiyalarına daxil olan məsələlərin gedişatı müzakirə edilib, bu sahədə yeni təlimatlar verilib. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tədbirdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, ölkədə gedən böyük iqtisadi irəliləyiş, görülən işlər, həm sənayenin həm kənd təsərrüfatının, inşaat işlərinin gedişatında fövqəladə hallar nazirliyinin qurumlarının mühüm rolu var. Müşavirədə qurum rəhbərlərinə bu sahədə görülən işlərlə bağlı təlimatlar verilib.
Bundan başqa nazir qeyd edib ki, regionda olan əhalinin Fövqəladə Hallar Nazirliyinə uyğun şikayətlərinin vaxtında baxılması və onların tezliklə icrası istiqamətində də regonda çalışan Fövqəladə Hallar qurumunun nümayəndələrinə tapşırıqlar verilib. Kəmaləddin Heydərov binaların dövlət istismarına verilməsi ilə bağlı məsələlərin də yaxın zamanda həll ediləcəyini bildirib.