Fidan Hacıyeva Mahnı Teatrında konsert verib – FOTO
14 iyun 2017 18:56 (UTC +04:00)

Fidan Hacıyeva Mahnı Teatrında konsert verib – FOTO

0

Azərbaycanın xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva və onun rəhbərlik etdiyi Musiqi Mərkəzi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında solo konsert proqramı ilə çıxış edib.

 

Lent.az-ın məlumatına görə, konsertlə bağlı təəssüratlarını bölüşən Fidan Hacıyeva bildirib ki, bu, bir il bundan əvvəl - 2016-cı il mayın 1-də açılışı olmuş Musiqi Mərkəzinin ilk böyük solo konsertidir: “Həmişə böyük arzum olub ki, öz mərkəzimi yaradım və illər boyu öyrəndiyim vokal sənətini tələbələrimə çatdırım. Altı yaşından musiqi ilə məşğulam. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfində, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsində Hüseyn Əliyevin sinfində təhsil almışam, aspirantura pilləsinə qədər çatmışam. 19 yaşımda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşam, 21 yaşımda ən gənc Karmen və digər obrazları yaratmışam. İtaliyada Kidjiano Akademiyasında laureat olmuşam, burada həm də Bruno Balionidən, Rusiyada RF Xalq Artisti, dünya şöhrətli - İrina Arxipovadan vokal sənəti üzrə ustad dərsləri almışam. Bunlar hamısı bir təcrübədir. Bu illər ərzində topladığım vokal texnikasını, klassik musiqi təcrübəsini öz tələbələrimə ötürmək istədim.Dünyanın ən məşhur opera ifaçılarının öz musiqi mərkəzləri var. Məsələn, Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi, Bruno Balioni Mərkəzi və digərləri. Mən də istədim ki, Azərbaycanda belə bir mərkəzimi yaradım. İyunun 11-də təqdim etdiyimiz solo konsertimiz bir il ərzində çəkdiyimiz zəhmətin nəticəsidir".

 

F.Hacıyeva bildirib ki, tələbələri arasında metroda işləyəni, rabitəçi, idmançı, aktyor olanı da var: “Maraqlı odur ki, Musiqi Mərkəzimizdə tədris etdiyim tələbələrim ayrı-ayrı peşələrin sahibləridir. Onlardan metroda çalışan da var. Bir tələbəm rabitəçi, biri idmançı, biri aktyor, biri həkimdir, biri Bakı Dövlət Universitetində təhsil alır, lakin səsi Müslüm Maqomayevin səsi kimidir. Bir sözlə, tələbələrimin arasında 7 yaşında olanı da var, yaşı 50-dən yuxarı olanı da. Lakin bunların hamısına Allah-taala gözəl səs, istedad verib. Onlar dünya bəstəkarlarının, italyan bəstəkarlarının əsərlərini, Neopolitan mahnılarını oxuyur, ən çətin əsərlərin öhdəsindən gəlirlər. Məsələn, 23 yaşlı Elçin Əliyev C.Puççininin "Turandot" operasından "Nessun dorma" ariyasını çox yüksək səviyyədə ifa etdi. Yaxud Aris Nəbiyev çox istedadlı gəncdir. Mahnı Teatrındakı konsertimizdə də onlar bir il ərzində çəkdiyimiz zəhməti doğrultdular, burada 20-dən çox tələbəm gözəl performans etdi. Sözün düzü, özüm də gözləmirdim".

 

Fidan Hacıyeva həm də istedadlı gənclərə müraciət edib: “Kimin səsi var gəlsin,

qulaq asım, istedadı olanları üzə çıxaraq. Fikirləşirəm ki, festivallar, yarışmalar gələcəkdə olmalıdır. Əlbəttə, Musiqi Mərkəzinin uşaqları burada təhsil aldıqları barədə diplom alsalar, çox yaxşı olar. Düşünürəm ki, bu işdə mənə dəstək göstərirlər və bu arzum həyata keçər. Bəlkə də bu Mərkəzi yaratmağım neçə-neçə istedadlı gənclərimiz üçün bir qismətdir ki, onlar özlərini burada tapır, nəyə qadir olduqlarını təsdiqləyirlər. Onlar Mərkəzimizə böyük həvəslə, sevinclə gəlirlər. Mən də onlara nə isə öyrədə bildiyim üçün qürur duyuram".

 

Xalq artisti onu da deyib ki, Azərbaycanda opera-film çəkilməsini arzu edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 435

Oxşar yazılar