Hacıqabulda Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan Muğan Regional Mərkəzi tibb personalı üçün təlim keçirib.
Bu barədə APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan Muğan Regional Mərkəzi Hacıqabul Mərkəzi xəstəxanasında və uşaq tibb mərkəzində tibb personalı üçün fövqəladə hadisələr, o cümlədən yanğın zamanı personalın və xəstələrin təxliyə edilməsi qaydaları haqqında təlim keçirib.
Təlimdə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) məsul əməkdaşları yanğın zamanı tibb müəssisəsinin kollektivinə davranış, zərərçəkmişləri xilas etməyin və təxliyənin qaydalarını əyani şəkildə nümayiş etdiriblər.
Təlimdə FHN-nin Salyan Muğan Regional Mərkəzi idarəsinin rəisi polkovnik-leytenant Orxan Məmmədyarov iştirak edib.
Mərkəzin rəisi iştirakçılara təlimin mahiyyəti və üstünlükləri barədə ətraflı məlumat verib. Sonra personalın fövqəladə vəziyyətə hazır olduqlarını yoxlamaq üçün binada yanğın olduğunu bildirən şərti həyəcan işarəsi verib. Tibb personalının təxliyəni necə həyata keçirdiklərini müşahidə edib. Personalın hazırlıq səviyyəsi kafi qiymətləndirilib.