Fövqəladə Hallar Nazirliyində 3 iyul 2018-ci il tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Sinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qurumdan Lent.az-a daxil olan məlumata görə, görüşdə fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Beynəlxalq Federasiyanın Avropa Regionu üzrə direktoru Simon Missiri, İsveçrə Konfederasiyasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yaninda daimi nümayəndəsi Vaqif Sadıqov, FHN-in, Beynəlxalq Federasiyanın və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məsul şəxsləri iştirak edib.
Qonaqları səmimi salamlayan fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə FHN-in fəaliyyətindən danışmış, görülmüş işlər, gələcək planlar barədə ətraflı məlumat vermişdir. O, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yardımlarını minnətdarlıqla xatırlatmış, yüksək səviyyəli əməkdaşlıqdan məmnun olduğunu qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Si Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işinə məsul olan bir qurumla təmsil etdiyi beynəlxaq təşkilat arasında səmərəli əməkdaşlığın əhəmiyyətindən söz açıb.
Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Azərbaycanda təbii fəlakətlərin aradan qaldırılması sahəsində FHN-lə rəhbərlik etdiyi qurum arasında yüksək səviyyəli əməkdaşlığın olduğunu qeyd edib.
Görüşdə Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Fövqəladə Hallar Nazirliyi arasında gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılmış, həmçinin fəlakətlər zamanı qarşılıqlı fəaliyyətin təşkili, zərərçəkmişlərə psixoloji dəstək göstərilməsi və eyni zamanda humanitar yardım sahəsində birgə əməkdaşlığa dair məsələlərdən də söz açılmışdır. Həmçinin gələcəkdə birgə təlimlərin keçirilməsinin, müştərək maarifləndirici proqramların reallaşdırılmasının vacibliyi də diqqətə çatdırılıb.