Fətva verildi
30 oktyabr 2013 11:54 (UTC +04:00)

Fətva verildi

 

Məhərrəm ayı noyabrın 5-də başlayır, Aşura noyabrın 14-dür

 

 

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayı münasibətilə tədbir keçirilib.

 

APA-nın məlumatına görə, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə keçirilən tədbirə müxtəlif bölgənin dindarları toplaşıb.

 

Tədbirdə QMİ Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib.

 

Fətvada deyilir ki, yeni 1435-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2013-ci il noyabrın 5-nə təsadüf edir: “Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay Həzrəti Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura - Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub. Müsəlman ümmətinin tarixinə ən acı, lakin eyni zamanda insanlara qeyrət ,qurur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn (ə) həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn (ə) əzadarlığında Haqqın bərpası və Ədalət uğrunda səfərbərlik hikməti var. İmam Hüseyn (ə) dinin saflığı uğrunda mübarizəsinin hər il yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür”.

 

Fətvada bildirilir ki, Aşura günü noyabrın 14-nə təsadüf edir: “Kərbəla şəhidlərinin xatirəsinin yad edildiyi təziyə günləri münasibəti ilə QMİ-nin Qazılar Şurası bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir.

 

Bildirilir ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir”.

 

Fətvada o da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili ən münasib əzədarlıq nümunəsi kimi örnək olmalıdır: “Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də İmam Hüseyn (ə) təziyədarlığı zamanı humanist ənəni davam etdirərək, İslamın şəhidlik fəlsəfəsinin mahiyyətinə daha dərindən dərk etməyə nail olacaqlar. Bu hikməti dərk edən və Azərbaycanın müstəqilliyi yolunda şəhid olmuş xüsusən Qarabağ torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsini yad edərək əziz tutan xalqımız torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin qorunub saxlanmasını təmin etmək yolunda daha artıq səy nümayiş etdirəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3271
avatar

Oxşar yazılar