Bu il fevral ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən yanvar ayında əlavə olaraq 17 417 sığortaolunana fərdi şəxsi hesab açılıb. Fondun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 0,59 faiz artıb. Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 993 735 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 768 396 nəfər) kişi, 40,9 faizi (1 225 339 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24.6 faizini (735 918 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22 faizini (658 637 nəfər) 30 yaşa kimi olan şəxslər, 21 faizini (631 124 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,2 faizini (632 222 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,2 faizini (335 834 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il yanvarın 1-dən tətbiq olunan “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.