Fazil Mustafa: “ADR qurucularından biri həm də Nuru Paşadır”
25 may 2013 13:22 (UTC +04:00)

Fazil Mustafa: “ADR qurucularından biri həm də Nuru Paşadır”

 

Böyük Quruluş Partiyası Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 95 illiyi münasibətilə Bakıdakı türk əsgərinin şərəfinə qoyulmuş abidəni ziyarət edib. Lent.az-ın məlumatına görə,  BQP sədri Fazil Mustafa qeyd edib ki, 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycanı erməni-bolşevik işğalından azad edib: “O, Azərbaycanı azərbaycanlılardan çox sevən biri olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları deyəndə, yalnız Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının adını çəkmək doğru deyil. Bu cümhuriyyətin əsas qurucusu, həm də Nuru Paşa və onun əsgərləridir. Nuru Paşa olmasaydı, bu gün Gəncə, Bakı Azərbaycanda deyildi. Onun qiymətini nə Türkiyədə, nə də Azərbaycanda layiqincə veriblər.”

 

F.Mustafa qeyd edib ki, Nuru Paşa Türkiyədə doğulmasına baxmayaraq, Azərbaycanın qəhrəmanıdır. Millət vəkili Nuru Paşanın haqqının tanınması üçün dövlət başçısına  müraciət etdiyini də bildirib.

 

Qeyd edək ki, millət vəkilləri - BQP başqanı Fazil Mustafa, BAXCP sədri Qüdrət Həsənquliyev və Ədalət Partiyasının sədri İlyas İsmayılov prezident İlham Əliyevə müraciət edərək, 15 sentyabr - Bakının işğaldan azad edilməsi tarixinin rəsmi bayram günü olaraq qeyd olunması, paytaxtın Binəqədi rayonu ərazisində prezidentin sərəncamı ilə inşası nəzərdə tutulan məscid kompleksinə, hərbi məktəblərdən birinə Nuru Paşanın adının verilməsi, ali hərbi təhsil müəssisələrində əlaçı kursantlara Nuru Paşa adına təqaüdünün verilməsi, Azərbaycanın bütün şəhərlərində küçə, prospekt, park və meydanlardan birinə Nuru Paşanın adının verilməsi, Nuru Paşanın qəhrəmanlığı və Qafqaz İslam Ordusunun Azərbaycanı xilası barədə faktların bütün orta və ali təhsil müəssisələrində tədris olunan tarix və ədəbiyyat dərsliklərinə salınması, əhatəli şəkildə şagirdlərə və tələbələrə çatdırılması təklifi ilə çıxış ediblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773
avatar

Oxşar yazılar