Evin sığortası olsa... – ARAŞDIRMA
05 iyul 2013 17:25 (UTC +04:00)

Evin sığortası olsa... – ARAŞDIRMA

Əmlak bazarının canlanması üçün də icbari sığorta vacibdir

 

Keçən il mayın 7-də episentri Zaqatala rayonu ərazisinə düşən zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə ciddi ziyan dəydi. Evləri qəzalı vəziyyətdə olan sakinlər ümidlərini dövlətə bağladılar və bu ümid də özünü doğrultdu.  Azərbaycan prezidentinin göstərişlərinə əsasən, Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 20 milyon manat, 2012-ci il dövlət büdcəsində dürüstləşmə ilə əlaqədar təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 300 milyon manat və 24 oktyabr 2012-ci il sərəncamı ilə 100 milyon manat olmaqla, cəmi 420 milyon manat vəsait ayırdı, evlərin tikintisinə başlanıldı. Daha öncə Kür çayında daşqınlar zamanı da anoloji durum yaşanmışdı. Ancaq bu insanların evləri sığortalansaydı, gözləntilər fərqli olardı, dövlətin də üzərinə bu qədər yük düşməzdi. Bəs Azərbaycanda yaşayış evlərinin və mənzillərin icbari sığortası sahəsindəki problemlər nədən qaynaqlanır? 

 

Böyük ümidlər doğuran qanun

 

Milli Məclis daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləyən “Icbari sığortalar haqqında” qanunu 2011-ci il iyulun 24-də qəbul edib. Azərbaycanda daha əvvəl mövcud olan “Yanğından icbari sığorta fəaliyyəti haqqında” qanuna görə yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının sığortalanması vacib idisə, yeni qanunda hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, binaların, müvafiq icra hakimiyyəti tərəfindən müəyyənləşdirilən dövlət əmlakının icbari qaydada sığortalanması nəzərdə tutuldu. Həmin vaxt dünya sığorta bazarlarında sığortanın həcmi adambaşına Ümumi Daxili Məhsulun 12-13 faizini təşkil edirsə, Azərbaycanda bu rəqəm 0,4 faiz idi. Başqa sözlə, dünyada adambaşına düşən sığortanın məbləği 200-300 manat, Azərbaycanda 16-17 manat təşkil edirdi. İqtisadçılar və sığorta şirkətləri də daşınmaz əmlakla bağlı icbari sığortanın əhatə dairəsinin genişləndirilməsinə vəziyyətdən çıxış yolu kimi böyük ümid bəsləyirdilər. Qanun həm də  təbii fəlakət, yanğın və partlayış riskinə qarşı ölkə əhalisinin sosial təhlükəsizliyinə daha əhatəli təminat yaratmaq məqsədi daşıyırdı.

Bakı şəhəri üçün minimum sığorta məbləği 25 000 manat, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üçün 20 000 manat, digər yerlər üçün 15 000 manat, sığorta haqqı isə müvafiq olaraq, 50 manat, 40 manat, 30 manat müəyyənləşdirildi. Qanunda ünvanlı sosial yardım alan şəxslərin əmlakının icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsi hesabına ödənilməsi əksini tapdı. Sığorta növləri icbari olduğundan İnzibati Xətalar Məcəlləsində müvafiq riskləri icbari qaydada sığorta etdirməyən şəxslərin cərimələnməsi nəzərdə tutuldu. Sığorta müqaviləsi bağlamamasına görə fiziki şəxslər 10 manat, vəzifəli şəxslər 60 manatdan 80 manatadək, hüquqi şəxslər 150 manatdan 200 manatadək cərimə müəyyənləşdi.

Onu da qeyd edək ki, “İcbari sığorta haqqında” qanun çərçivəsində İcbari Sığorta Bürosu yaradıldı, hazırda 12 sığorta şirkəti Büronun üzvüdür. Vətəndaşlar yalnız həmin şirkətlərə müraciət edərək mənzillərini icbari sığortalada bilərlər. Büronun əsas məqsədi kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətləri iflasa uğradıqda həyata keçirilməlidir. Büronun təsisçisi və ya üzv olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir. Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 200 min manat; sərnişinlərin icbari sığortası üzrə - 200 min manat təşkil edir.

Qanunun qəbulunu böyük ümidlə gözləyən iqtisadçılar və sığorta şirkətləri bunun sığorta bazarının inkişafına təkan verəcəyinə inanırdılar. Bəs ümidlər özünü nə dərəcə doğrultdu?

 

 

Real mənzərə və...

 

 

İcbari Sığorta Bürosuna üzv sığorta şirkətləri tərəfindən 2012-ci il ərzində hüquqi şəxslərə məxsus 4 min 20 tikili və qeyri-yaşayış sahəsi, fiziki şəxslərə məxsus 27 min 887 tikili və qeyri-yaşayış sahəsi, 117 194-ü yaşayış evi və mənzil sığortalanıb. Hüquqi şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələrinin sığortalanmasından 4 milyon 237 min 598,48 manat, fiziki şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələrinin sığortalanmasından 2 milyon 676 min 317,35 manat, yaşayış evləri və mənzillərin sığortalanmasından isə 4 milyon 465 min 315,02 manat toplanıb. Hüquqi şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələrinə dəyən zərərə görə 114 min 648,80 manat, fiziki şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələrinə dəyən zərərə görə 169  min 875,40 manat, yaşayış evləri və mənzillərə dəyən zərərə görə 625 min 756,40 manat ödənilib. Daşınmaz əmlakın icbari sığortası növü sığorta yığımına görə 2012-ci ildə icbari sığorta bazarının 8,91, ümumi sığorta bazarının isə 3,42 faizini təşkil edib. Bu ilin birinci rübündə isə İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən icbari sığorta növləri üzrə ümumilikdə 182 min 169 sığorta müqaviləsi bağlanıb. Müqavilələrin 21 min 356 ədədi daşınmaz əmlakın icbari sığortası, 880 ədədi daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə olub.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Xidməti ötən il və bu il may-iyun aylarında qruplarla rayonlara ezamiyyə olunaraq əhali arasında maarifləndirmə işi aparıblar. Bu il iyirmi bir rayonda maarifləndirmə işi aparılıb ki, demək olar ki, Azərbaycanın bütün rayonlarının sakinləri icbari sığorta ilə bağlı məlumat ala biliblər.

Qanunun qəbulundan ötən müddət ərzində sığorta bazarında müəyyən irəliləyişin nəzərə çarpdığını, Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Xidmətinin də bölgələrdə əhalini maarifləndirdiyini söyləyən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ki, bu sahədə sığorta bazarında 10-15 faiz artım var. Bununla belə, Vahid Əhmədov sığorta şirkətlərinə hələ də inamın az olması səbəbindən bu sahədə daha böyük irəliləyişə nail olunmadığını qeyd edir: “Sığorta şirkətlərinə inam azdır. İnsanların icbari sığorta üzrə ən çox sığorta etdirdikləri avtomobildir. Avtomobil hadisələri baş verən zaman insanlar sığorta haqlarını almaq üçün çox böyük əziyyət çəkir, onları çox get-gələ salırlar. Bu sahədə şikayətlər çoxdur, millət vəkili kimi mənə də sığorta haqqını ala bilməyən çoxlu insanlar müraciət ediblər. Bu da son nəticədə insanlarda evlərini sığorta etdirməsinə inamın yaranmasına mane olur. Bir sözlə, mükəmməl qanunvericilik bazası var, dövlət sığorta bazarının inkişafında, normal fəaliyyət göstərməsində maraqlıdır. Sığorta bazarının inkişafı sadəcə, sığorta şirkətlərinin öz fəaliyyətlərindən asılıdır. Əgər onlar insanlarla normal təmas qura, sığorta bazarında özlərini normal təbliğ edə bilsələr, vətəndaşların mənzillərini sığorta etdirməsi ilə bağlı problem olmaz”.

 

Sığorta şirkətlərindən qaynaqlanan problemlərə baxmayaraq, Milli Məclisin İqtisadi siyasət komitəsinin digər üzvü Xanhüseyn Kazımlı yaxın gələcəkdə Azərbaycanda yaşayış evlərinin və mənzillərin icbari sığortası sahəsində  daha böyük inkişafa nail olunacağına əmindir: ““Icbari sığortalar haqqında” qanun gündəmə gələn dövrdə cəmiyyətdə yaşayış sahələrinin sığortasında maraqlı olmayan qüvvələr olsa da, bu mütərəqqi qanun qəbul edildi. İcbari sığorta haqqında qanunvericilik mərhələ-mərhələ aparılır. Qanunvericilikdə də bu işin mərhələ-mərhələ aparılması, qanunların bir-birinə uyğunlaşdırılması prosesi gedir və bu proses başa çatmaqdadır.  Sığorta olunmanın bir çox üstünlükləri var. Əmlak bazarının canlanması üçün də icbari sığorta vacibdir. Çünki elə mənzil sahibləri var ki, mənzildə yaşamırlar, ehtiyacları yoxdur. Amma mənzil üçün vergi də ödəmirlər, mənzil sığorta da olunmayıb və mənzil sahibinə heç bir maliyyə ağırlığı gətirmir. Ona görə də evi olduğu kimi saxlayır. Yəni evin bazara çıxarılması, satılması, icarəyə verilməsi barədə düşünmür. Bu səbəbdən də icbari sığortanın sivil dünya ənənələrinə uyğun olaraq təşkil olunması məqsədəuyğundur. Bu sahədəki problemlər də zaman-zaman aradan qalxacaq və əldə edilən irəliləyişlər də bundan xəbər verir”.

 

 

Qeyd: Yazı Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 925
avatar

Oxşar yazılar