Fransada yaşayan 30 yaşlı Alis Delvar adlı qadın 370 min avro kredit hesabına üç hektarlıq ərazi və gölü olan mülk alaraq onu gəlir gətirən turizm biznesinə çevirib. Daşınmaz əmlak və investisiya sahəsində çalışan Alis Delvar uzun müddətdir şəhərin səs-küyündən uzaqlaşaraq təbiət qoynunda yaşamaq arzusunda olub. O bildirib ki, səfərlərindən biri zamanı göl kənarında keçirdiyi sakit an həyatını dəyişib və məhz həmin vaxt belə bir məkana sahib olmaq qərarına gəlib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Alis 2024-cü ildə satışa çıxarılan gölləri araşdırmağa başlayıb və Fransanın Lo-et-Qaron departamentinin Duzen bölgəsində yerləşən mülkü seçib.
Əmlak əvvəlcə 398 min avroya satışa çıxarılsa da, 2026-cı ildə qiyməti 370 min avroya endirmək mümkün olub.
Üç hektarlıq ərazidə iki yaşayış evi yerləşir. Sahəsi 70 kvadratmetr olan kiçik evdə Alis özü yaşayır. Sahəsi 130 kvadratmetr olan böyük ev isə biznes məqsədilə istifadə olunur.
Layihənin maliyyələşdirilməsinin əsas hissəsini 300 min avroluq bank krediti təşkil edib. Qalan məbləğ şəxsi vəsait və ailəsinin maliyyə dəstəyi hesabına ödənilib.
İnvestorları sosial şəbəkələr vasitəsilə tapıb
Layihəni genişləndirmək üçün Alis maraqlı maliyyələşdirmə üsulundan istifadə edib. O, beş il müddətinə illik 4 faiz gəlir vəd edən investisiya fondu yaradıb və istəyən hər kəs bu fonda vəsait qoya bilib.
Nəticədə 48 nəfər layihəyə qoşularaq ümumilikdə 215 min avro investisiya yatırıb. Alisin sözlərinə görə, investorların təxminən 70 faizi onun şəxsi tanışları olub, qalanlarını isə LinkedIn və Instagram sosial şəbəkələri vasitəsilə tapıb.
Göldə üzən evlər turistləri cəlb edir
Sahibkar gəlir əldə etmək üçün bir neçə istiqamətdə fəaliyyət göstərir. Hazırda Airbnb platformasında gölün üzərində yerləşən iki taxta ev turistlərə kirayə verilir.
Yaxın vaxtlarda ərazidə daha üç kiçik istirahət evi tikilməsi planlaşdırılır. Bundan əlavə, təmir olunan zal kovorkinq mərkəzi və müxtəlif ustad dərslərinin keçirildiyi məkan kimi fəaliyyət göstərəcək.
Böyük ev isə sahibkarlar və rəssamlar üçün nəzərdə tutulub. Onlar burada bir neçə gündən üç aya qədər qala biləcəklər.
Gəlirini bir neçə dəfə artırmağı planlaşdırır
Kirayə fəaliyyəti yalnız 2026-cı ilin aprelində başlasa da, Alis ilk ildə 40 min avro dövriyyə əldə edəcəyini proqnozlaşdırır.
2028-ci ilə qədər bütün layihələr tamamlandıqdan sonra isə onun illik gəlirinin 140 min avroya çatacağı gözlənilir. Bu uğurlu layihə təbiət turizmi və alternativ investisiyaların son illərdə Fransada getdikcə daha çox maraq doğurduğunu bir daha nümayiş etdirir.
