Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə ilkin məhkəmə baxış iclası keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin vəsatətləri ilə davam edib.
Təqsirləndirilən Namizəd Səfərov həbs olunduğu vaxt hadisə yerində olan şahidlərin dindirilməsi, zərərçəkən şəxsin və özünün telefon çıxarışları və anten məlumatları ilə bağlı Bakcell-ə sorğu göndərilməsi, ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıb.
Məhkəmə yerindəcə müşavirə edərək vəsatətlərə sənəd tədqiqi mərhələsindən sonra baxılacağını elan edib.
Dövlət ittihamçısı ittiham aktını elan edib.
Qeyd edək ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.