ETSN AMEA-ya cavab verdi
25 sentyabr 2013 15:19 (UTC +04:00)

ETSN AMEA-ya cavab verdi

Ölkə prezidentinin sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın yeni nəşri hazırlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, yaxın günlərdə kitabın təqdimatı keçiriləcək. Lakin təqdimat ərəfəsində AMEA  bəyanat yayaraq bildirib ki, kitabın yeni nəşri ETSN tərəfindən 2013-cü ilin iyul ayında 1000 nüsxədə çap olunsa da, onun yayılması, AMEA-nın rəhbərliyi ilə birlikdə ictimaiyyətə rəsmi təqdimatı Akademiyaya məlum olmayan səbəblərdən gecikdirilir. İddia olunan odur ki, 2013-cü ilin avqust ayında artıq dərc olunmuş kitabın başlanğıc səhifələri müəlliflər üçün naməlum səbəblərdən dəyişdirilib.

 

AMEA-nın bu və digər iradları ilə bağlı ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaya müraciət etdik:   

 

-Səsləndirilən fikirlərə münasibətiniz?

 

- Qeyd edim ki, ölkə Prezidenti İlham Əliyevin 24 mart 2006-cı il tarixli  sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”na uyğun olaraq “Qırmızı Kitab”ın yeni nəşrinin təşkili Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Elmlər Akademiyasına tapşırılıb. Buna uyğun olaraq Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın II nəşrinin layihəsi  ETSN-nin və AMEA-nın, ali təhsil müəssisələrinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin  birgə səyi nəticəsində hazırlanıb.

 

Kitabın son variantı 19 fevral 2013-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində QHT və KİV nümayəndələrinin iştirakı ilə geniş müzakirə edildi. Müzakirələrdə Kitaba daxil edilməsi nəzərdə tutulan bir sıra materialların tam dolğun olmaması səbəbindən onların yenidən işlənilməsi, elmi fikir ayrılıqlarının təhlili, müvafiq materiallara əlavələrin olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı, vətəndaş cəmiyyətinin nümayəndələrinin verdikləri əhəmiyyətli rəy və tövsiyələr əsasında layihənin son variantı üzərində mükəmməlləşdirmə aparılması barədə konkret qərar qəbul edildi.

Gördünüz ki, müəllif siyahısına adları düşənlər də, düşməyənlər də necə ziddiyyətli, kəskin, bir-birinə qarşı ittihamlar səsləndirdilər. İndi salınan hay-haray da həmin xəttin davamıdır. Yəni bu bəyanat o səviyyədə yanaşmanın güzgüdə əksidir. Kiminsə adı harasa salınmayıbsa, vəziyyətdən yüz faizlik qənaətlənməyibsə başlayıb səsini qaldırmağa. İctimai mənafe qalıb kənarda hərə özünü fikirləşir.

Bir daha qeyd etmək istəyirəm ki, “Qırmızı Kitab” hansısa müəlliflərin sifarişi ilə çıxan müəllif kitabı deyil, nəsli kəsilməkdə olan heyvanların və bitkilərin qeydiyyat kitabıdır. Bu kitab inzibati xarakter daşıyır və Nazirlik, AMEA, BDU və bir çox başqa dövlət və qeyri-dövlət təşkilatları tərəfindən bu istiqamətdə profilinə uyğun olaraq elmi-tədqiqat işləri aparılıb. Belə olan halda ümumilikdə Kitaba müəlliflik hüququ ilə bağlı AMEA-nın müxtəlif bölmələrinin iddialı olmaları absurd səslənir.

Kitabı çıxaran Ekologiya Nazirliyidirsə, bu kitabın Nazirlik tərəfindən təsdiq olunmuş Redaksiya heyəti varsa, bu heyət müəyyən edir nə saxlanılsın, nə də çıxarılsın. Ayrı-ayrı şəxslər, istər çoxsaylı müəlliflərdən biri, istər tərtibata məsul şəxs kimi Redaksiya Heyəti tərəfindən təyin olunan kəslər bunu özləri üçün edə bilməz. Kimsə öz təşəbbüsü ilə kitab çıxarırsa onun işinə biz qarışmırıq və demirik kitaba kimi salsın, kimi yox. Bu halda isə Redaksiya heyətindən kənar kitabla istədiyini etmək haqqı heç kəsə verilmir. Bu işdə, yenə də qeyd edirəm, Nazirlik belə situasiyaya yol verildiyi üçün bu situasiyanı yaradanları yox, buna əvvəlcədən imkan verdiyinə görə Nazirliyin öz işçilərini məsuliyyətə çağırıb. Beləliklə, Redaksiya heyəti müəyyən edib, nəyi lazım bilibsə saxlayıb, lazım bilmədiyini çıxarıb. Buna görə də kimlərinsə “müəlliflərin xəbəri olmadan” deməsi təəccüblü, qəribə və anlaqsız görünür. Bəyəm bunu deyənlər bir adi məcmuə buraxanda bütün təqdim olunmuş yazıları kimsə istəyirsə deyə ora salır? Belə bir kitaba bu cür münasibət olar? Əvvəllər keçirilən müzakirələrdə ETSN rəhbərliyi səhvləri, qüsurları olsa da, AMEA-nın nümayəndələrini dəstəklədi, kitabda gedən səhvlərə görə, əksinə Nazirliyin bu işə cavabdeh olan mütəxəssislərinə irad tutdu. AMEA-nın nümayəndələrinə isə səhvləri olsa da, gördükləri işlərə görə minnətdarlıq bildirməyi təklif etdi. Amma onlar bunun əvəzinə, nədənsə heç kimlə razılaşdırmadan, o cümlədən kitabın Redaksiya heyətinə demədən rəsmi təsdiq olunmuş müəllif siyahısına bəzi adları saldılar. Yeri gəlmişkən, Nazirlik bunu ləğv etmədi.  O səbəblə ki, adları düşübsə bu o adamların günahı deyil, təşkil edənlərin günahıdır. Yəni mən bunu sizə ona görə deyirəm ki, bu kitabın necə vəziyyətdə və hansı şəxsi ambisiyaların, eqoların fonunda hazırlandığını biləsiniz...

Əvvəllər keçirilən müzakirələrdə səslənən iradlar, təkliflər nəzərə alındı, düzəlişlər edildi. Amma Nazirlikdə siqnal nüsxəsinə baxış keçirilərkən yenidən bəzi elmi-texniki düzəlişlərin edilməsinə zərurət yarandı. Düzəlişlər üçün siqnal nüsxələri AMEA-nın bir neçə nümayəndəsinə də göndərildi ki, səhvlərə baxılsın. Hətta onlarla əlaqə yaradılmağa çalışıldı da, lakin AMEA-nın kitaba cavabdeh olan şəxsləri tapılmadı, telefonlarını belə açmadılar. Kitabın son variantını hazırlayıb ictimaiyyətə çatdırmaq isə vacib bir iş kimi qarşıda dururdu. Ona görə də Nazirlik öz növbəsində səhvləri düzəltdi, sonradan düzəlişlər qaytarıldı mətbəəyə. Səhvlər düzələndən sonra kitab indiki variantda, yəni mükəmməlləşdirilmiş vəziyyətdə çap olundu. AMEA-nın nümayəndələrindən isə hər hansı düzəlişlərin edilməsi ilə bağlı səs çıxmadı.

Təəssüf ki, bütün işlər bitəndən sonra kimlərsə absurd bəyanatlar yayır. Yenə də təkrar edirəm, AMEA nümayəndələrinə göndərilən kitablar yoxlama, sınaq nümunələri olub. ETSN mütəxəssisləri bu sınaq nümunəsində səhvləri müəyyənləşdirib, yanlış müəlliflərin adları düzəldilib və sair. Hesab edirəm ki, AMEA-nın nümayəndələri də son sınaq nümunəsinin mükəmməlləşdirilməsində fəal iştirak edə bilərdilər. Əfsus ki, bunu etmədilər.  Kitab onlara düzəltmək üçün göndərilmişdi, daha “iki ayağı bir başmağa geyinmək” üçün yox. Bir sözlə, bütün bunlara baxmayaraq “Qırmızı Kitab” artıq təqdimata hazırdır və yaxın günlərdə təqdimat mərasimi keçiriləcək.

 

-Bəs, kitabın başlanğıc səhifələrində dəyişikliklər olunması barədə deyilənləri necə şərh edərdiz? 

 

-Kitabın yoxlama, sınaq nüsxəsinə baxış keçirildikdən sonra, təkrarən deyirəm, bəzi zəruri dəyişikliklərin edilməsi qərara alınıb. Baxmayaraq ki, AMEA nümayəndələri bu zəruri dəyişikliklərin edilməsi, yəni kitabın daha da mükəmməlləşdirilməsində iştirak etmələri barədə ETSN-nin təklifinə qoşulmayıb. Nədir bu dəyişikliklər? Məsələn, sınaq nüsxəsində Ölkə Prezidentinin müvafiq Sərancamının müəyyən mənada təhrif olunduğu  ortaya çıxdı. Sərəncamda yeni nəşrin təşkilinin ETSN-yə və eyni zamanda AMEA-ya tapşırıldığı qeyd olunsa da, kitabda başqa cür getmişdi. Zoologiya və Botanika institutlarının və sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adları da göstərilmişdi. Biz hamımız bu institutlara böyük hörmətlə yanaşırıq, lakin Prezidentin sərəncamı ilə əsas tapşırıq almış dövlət orqanları müəyyən edilib. Bundan sonra bu rəsmi nəşri, Prezidentin sərancamını təhrif edərək, rəsmi orqanların haqqını pozaraq rəsmi sənədi institutun bir nəşri kimi əsas olmadan, haqqın olmadan necə təqdim edə bilərsən? Özünüz pozulmuş haqqınızdan danışırsız (halbuki göründüyü kimi bu, belə deyil), rəsmi nəşrdə belə sərbəst hərəkət edirsiniz.  Hər şeydən başqa, cənab Prezidentin sərəncamının hərfinə və ruhuna hörmətlə yanaşmaq hamının borcudur. Belə tendensiya ilə kitab hazırlanmalı olsa, onda gərək Nazirliyin  bu işlə məşğul olan departamentlərinin, o cümlədən bir neçə ali məktəbin, QHT nümayəndələrinin də adı başlıqda yazılardı. Bəlkə buna fikir verməmək olardı, amma hər halda bu səhvi düzəltmək imkanı vardı və ETSN bunu düzəltdi. Prezidentin sərəncamına uyğun olaraq Nazirliyin və AMEA-nın adı saxlanıldı. Bu institutlar AMEA-nı təmsil etmirlərmi?

 

Digər bir zəruri olan düzəlişləri də qeyd etmək istərdim. Məsələn, Redaksiya Heyəti həmsədrləri adından ön söz yazıldığlı halda, müvafiq İnstitutların (Botanika və Zoologiya institutları) rəhbərləri tərəfindən də giriş sözü yazılıb və bu giriş sözlərində əsasən institutların kitabın ərsəyə gəlməsində gördüyü işlər və sonda şəxsi elmi titullar sadalanmışdı. Halbuki etik nöqteyi-nəzərdən ən azı Redaksiya heyətinin həmsədri, ön sözün müəllifi Cəlal Əliyev kimi beynəlxalq səviyyədə tanınmış alimin də titulları qeyd olunmalı idi. Kitabın çap olunmasında müxtəlif məsələlərə görə məsuliyyət daşıyan şəxsləri təyin etmək Nazirin əmri ilə müəyyən edildiyindən məsul şəxslərin statusunu müəyyənləşdirmək də Nazirliyin tam səlahiyyətinə aiddir.

 

O ki, qaldı kitabda mətnləri yerləşdirilmiş müəlliflərə, onların adlarına, bu müəlliflərin adları təsdiq olunmuş siyahıda olmadığı halda, Redaksiya heyətinin xəbəri olmadan, tərtibata görə məsul şəxslər tərəfindən kitaba əlavə salınıb. Buna baxmayaraq, onların hamısının müəllif hüquqlarına hörmətlə yanaşılıb (hər halda ortada olan problem onların yox, belə şərait yaradanın üzərinə düşür və bu vəziyyətdə onların günahı yoxdur) və qorunub.

 

Onu da qeyd edim ki, bir çox şəkillərdə və mətnlərdə də müəlliflər yanlış göstərilmişdi. Bundan xəbər tutan əsl müəlliflər bununla bağlı Nazirliyə müraciət etmişdi. Apardığımız araşdırmalardan sonra göstərilən müəlliflər də şəkillərin onlara məxsus olmadığını etiraf etmiş və kitabda müvafiq düzəlişlər olunmuşdur.

Qeyd etdiyim və etmədiyim səbəblər üzündən, tam əsaslı və obyektiv olaraq Kitaba dəyişiklik olunub. Nəşrdə yol verilən bütün səhvləri düzəltmək daha çox vaxt apardığı üçün bəzi səhvlərə dair düzəlişlər Kitaba vərəq şəklində əlavə edilib.

Ümumiyyətlə, “Qirmızı Kitab”ın ərsəyə gəlməsi prosesi ilə bağlı ETSN-nin geniş məlumatı hazırlanıb və ictimaiyyətin diqqətinə çatdırılacaq.       

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1096
avatar

Oxşar yazılar