Bir müddət əvvəl hərbi xidmətdə vəfat edən Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun anası növbəti dəfə ictimaiyyətə və mətbuata müraciət edib.
Bu barədə APA-ya açıqlama verən Samirə Qubadova bildirib ki, o, oğlu Ceyhun Qubadovun meyitinin fotolarının mətbuat səhifələrində və internetdə yayılmasının əleyhinədir: “Ailəmizdə baş vermiş ağır faciə - oğlum Ceyhun Qubadovun ölümü ilə əlaqədar bizə dəstək olan hər bir mətbuat orqanına təşəkkür edirəm. Lakin oğlumun meyitinin şəkillərinin mətbuatda və internetdə tez-tez nümayiş etdirilməsi bir ana kimi məni çox üzür. Buna görə də bir daha kütləvi informasiya vasitələrinə müraciət edərək həmin fotonun mətbuat və internet səhifələrindən yığışdırılmasını xahiş edirəm”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun yanvarın 7-də qəflətən vəfat edib. Ailəsi onun döyülərək öldüyünü iddia edir. Əsgərin ölümü ilə bağlı müddətdən artıq xidmət edən hərbi qulluqçu Müqəddəs Qurbanov və mərhum əsgərin bölük komandiri olmuş baş leytenant Veysəl Ağayev həbs edilib.