Erməni qızı Amaliya – SERİAL – III BÖLÜM
27 dekabr 2013 13:07 (UTC +04:00)

Erməni qızı Amaliya – SERİAL – III BÖLÜM

Bu, bir Azərbaycan dramıdır...

 

Sovetlərin son illərində başlayan bu dram günümüzə qədər uzanıb gələn romantik, sərt, acı, bəzən isə dəhşətli epizodlarla zəngindir. Hazırda həyatda olan qəhrəmanın öz dilindən qələmə alınıb. Lent.az bu əhvalatı oxucuları ilə bölüşməyi qərara alıb. Sizə nəql edəcəyimiz bu əhvalatda yalnız adlar şərtidir...

 

əvvəli: http://news.lent.az/news/149358

 

 

 

…Gördüyüm mənzərə məni necə iyrəndirdisə, müvazinətimi saxlaya bilmədim. 3-4 metr hündürlüyü olan ağacdan, budaqları yararaq, yerə çırpıldım...

 

Huşum özümə gələndə gecə idi. Əzilmiş yerlərimin ağrısı dözülməz idi. Dişimi-dişimə sıxıb, birtəhər ayağa durdum. Gəldiyim yolla geriyə qayıdıb, bağdan çıxdım. Şəhərə, evə qayıtdım...

 

***

 

Düz iki gün evdən bayıra çıxmadım. Hara çıxaydım, niyə çıxaydım?! Kimin üçün çıxaydım?! Anam əzilmiş yerlərimi göstərib nə qədər soruşsa da “dalaşmışam” - deyib, başımdan elədim. Amma hiss edirdim ki, getdikcə o da nəsə anlamağa başlayır və məndən artıq nəsə soruşmur, toxunmur... Əslində o əvvəldən Amaliya ilə münasibətimə şad deyildi.

 

Sonradan öyrəndim ki o raykom katibi həmin hadisədən bir həftə əvvəl daim orada-burada dava salan ərköyün oğlunu hansısa növbəti qalmaqalla bağlı milisdən qurtararaq bir restoranda otuzdurub danlayırmış. Bu zaman Amaliya ilə anası yaxınlıqdakı atelyedən çıxırmış. Onları görən anası kişiylə salamlaşıb əhval tutur. Ayrıldıqdan sonra isə oğlanın gözü Amaliyanın arxasınca qalır və atası bunu sezir. Çünki o vaxta qədər oğlunu evləndirmək istəyirmiş, lakin oğlu heç kimi bəyənmirmiş. Atası bu fürsəti əldən vermir və Amaliyanı əvvəlcə yanına işə götürür, sonra isə...

 

***

 

Həmin yayı heç işləmədim, demək olar ki avaralandım. Sentyabrda isə dərslərə getmədim, əvvəlcə sadəcə getmək istəməsəm də sonradan universiteti birdəfəlik atmaq qərarına gəldim.

 

Çıxdım universitetdən. Şəhərdən çıxmaq istəyirdim. Elə ehtiyat edirdim ki, hardasa onunla üz-üzə gəlməyə...

 

Allahdan, anam da qərarıma qarşı çıxmır, israr etmirdi, səhər öz işinə gedib, axşam qayıdırdı. Növbəti ay hərbi xidmətə çağırış ayı idi. Artıq tələbə deyildim, çağırış vərəqini gözləməyib, özüm hərbi komissarlığa müraciət elədim.

 

On gün sonra hərbi xidmətə yollandım, Bakıdan çıxdım...

 

***

 

İki gün keçib və artıq Ukraynanın Sevastopol şəhərində sovet ordusunun əsgəriyəm...

 

Sovet Ordusunun özəlliyi idi ki, müxtəlif millətlərdən olan uşaqlarla bir yerdə hərbi xidmət keçmək adamı ona qədər yaşadığın mülki həyatdan tamamilə ayırıb, yeni, baxışları və yanaşmalarıyla fərqli olan bir dünyaya atırdı.

 

Bunu, 1986-cı ilin payızında Krım hərbi dairəsinə aid olan Sevastopoldakı hərbi hissəyə düşdüyüm gündən hiss etməyə başladım. Baxmayaraq ki, hərbi xidmət idi, amma yeni yerlər, yeni insanlar, yeni yoldaşlar, yeni ünsiyyət... günlər keçdikcə hər şeyi unutdururdu.

 

Anamla da məktublaşanda ancaq onun vəziyyətindən, dolanışığından başqa heç nəyə toxunmurduq. Cəmi bir il keçəndən sonra aldığım xəbər isə Bakı ilə bağlı düşünməyə daha heç bir səbəb qoymadı: anam qəflətən dünyasını dəyişdi...

 

Əsgər dilində desək, daha “poçta” gözləmirdim...

 

***

 

Əsgərliyin sonuna yaxın elə hərbi hissədəcə sürücülük kursu keçib, vəsiqə aldım və sınaqlardan əla keçərək hərbi maşınlardan birinə sürücü təyin edildim.

 

Günüm ətraf qəsəbələrdə, kəndlərdə dolanaraq yerli insanlarla dostlaşmaqda, yerli qadınlarla bir vaxtlar ağlıma belə gətirmədiyim məhəbbət macəraları yaşamaqla keçirdi. Artıq Bakıdakı utancaq Murad deyildim.

 

Məsələn, tez-tez starşinamız, günün çox hissəsini yanında keçirdiyim Aleksandr Yefremovun hərbi hissənin yaxınlığındakı şəhərcikdəki evində olurduq. Hər dəfə arvadı Oksana gülərək deyirdi ki, “Murad, yaxşı ki sən tez-tez bizdə olursan, yoxa bizim özünü keşiş kimi aparan Saşanı nəzərə almasaq mən və qızlarım zarafatcıl kişi üzünə həsrət qalmışıq”...

 

Sanki həyatın yeni mərhələsi yeni ölkədə yeni bir Murad yaratmışdı məndə və yeni insanlarla yeni münasibətlər həqiqətən hər şeyi unutdururdu. Yox idi o qaraqabaq, adamayovuşmaz, boynubükük Murad. Ən azı hərbi həyatın özüylə gətirdiyi yeni dünyanın insanları ilə ünsiyyət də əvvəlki Muradın yaşadığı yerləri, vətəni də unutdurmuşdu elə bil. Özümü tanıya bilmirdim...

 

Hərbi xidməti bitirdim. Simferopola gəlib bir müddət burada veyllənməyə başladım.

Bilmirdim hara gedim. Artıq mülki vətəndaş olsam da, geriyə - Azərbaycana qayıtmağa nə səbəb qalmışdı, nə də orada gözləyən... Hazırlaşırdım ki, hansısa Sovet ölkəsindəki bir əsgər yoldaşımla əlaqə yaradıb, onun yanına gedəm...

 

1988-ci ilin payızı sərt gəlmişdi Ukraynaya. Noyabr ayında artıq hər tərəf ağappaq qardı. Nikolayev vilayətində yaşayan keçmiş əsgər yoldaşım Sergeylə tez-tez zəngləşib hal-əhval tuturduq. Növbəti zəngdə onun etdiyi təklif hər şeyi dəyişdi...

 

Bu tərəflərə qışın tez gəlməsinə baxmayaraq, Nikolayevdə Lenin adına kolxozda təsərrüfatda taxıl səpini hələ də davam edirdi.

 

***

 

Kolxoz sədrinin kabinetinə girdim. Ortaboy, kürən, tosun kişi olan kolxoz sədri heç başını da qaldırmadan ilk sualını verdi:

 

- Azərbaycanlı sənsən?

 

- Hə...

 

- Dedilər texnikadan, sürücülükdən başın yaxşı çıxır...

 

- Hə...

 

- Doğrudan Azərbaycana qayıtmayıb Ukraynada qalmaq istəyirsən?

 

- Hə...

 

 - Hmm... - başını qaldırdı. Eynəyini bir az da gözünə oturdurub, məni elə diqqətlə süzdü ki, sanki çoxdan itirdiyi bir doğmasıyam, qəflətən atılıb boynumu qucaqlayacaq. Təxminən yarım dəqiqə məni süzdükdən sonra, yenidən başını əvvəlki etinasızlıq aşağı salıb mızıldanmağa başladı:

 

- Düzünü deyim, siz qafqazlılardan heç xoşum gəlmir. Amma Kolyanın (mənimlə hərbi xidməti bitirmiş əsgər yoldaşım Sergeyin atası Nikolayı nəzərdə tutur. Onun köməkliyi və məsləhəti ilə bu kolxoza işləmək üçün gəlmişdim) sözünü yerə sala bilmirəm də. Həm də bu qar bizi yaman çətinə saldı, sürücüyə ehtiyacımız var... - deyib, stolun üstündəki qeyd vərəqinə qısaca nəsə yazdı və büküb mənə verərək:

 

- Get qaraj müdirinin yanına! – dedi.

 

Kolxozdakı işin ikinci günü anladım ki, niyə məni millət olaraq bəyənməməsinə baxmayaraq işə götürdü kolxoz sədri.

 

Sonradan öyrəndim ki, kolxoz sədri Semyon Filippovun anası ermənidir.

 

Kolxozun əksər texnikası mexanik çatışmazlığından sıradan çıxmışdı, işləyənləri də təsərrüfatı təmin edə bilmirdi. Mənim də adım yük maşını sürücüsü olmasına baxmayaraq, başladılar bacardığım üçün bütün təmiri az qala mənə gördürməyə. Özüm də həvəsli idim işləməyə, kənddə evində qaldığım qoca Yekaterina nənəni dinləməkdənsə vaxtımın çoxunu elə qarajda keçirirdim, işlədikcə də sənətimə daha möhkəm alışırdım. İnsafən, bolluca əməkhaqqı da yazırdılar.

 

Artıq bir aydır işləyirdim və mənə köməkçi verilən Saşa ilə birgə demək olar ki, traktorların əsas hissəsini işlək vəziyyətə gətirmişdik. Bir gün axşama yaxın işin qaynar vaxtı sədrin “Volqa”sı qaraja girdi. Maşından düşüb bizə yaxınlaşdı, mehribancasına əhvallaşdı və mənim işimdən razılığını bildirərək, sözün əsl mənasında kolxozu “xilas” etdiyimi etiraf elədi:

 

- Mənim canımı mərkəzin hədələrindən qurtardın, Murad. Açığı, inanmırdım bu qədər qoçaq olasan - deyərək atmacasından da qalmadı...

 

Bir az qarajı dolandı, axırda yenə mənə tərəf gəldi. Qoluma girib, bir az kənara çəkdi. Cibindən bir papiros çıxartdı. Təklif elədi. Çəkən olmadığımı bildirəndən sonra özü birini yandırdı. Dərindən bir qullab vurub, astaca, bu dəfə səmimi bir mehribanlıqla mərhəmətə ehtiyacı olan gözlərini üzümə zilləyib dedi:

 

- Murad, sən həqiqətən qoçaq oğlansan. Baxmayaraq ki, sizin millətlə mənim heç aram yoxdur, bunun başqa səbəbləri var (amma sonralar da o bu səbəbi demədi), sən əsl sovet zəhmətkeşisən. Bacarıqlısan! Ona görə də bunu ancaq sənin bacaracağına əminəm... – deyib, papirosunun son qullabını vurdu, kötüyünü yerə çırpıb, mətləbə keçdi:

 

- Bizim kolxozun iki pivə sexi var. Bu sexlərin yaxşı vaxtları olub, elə axır vaxtlara qədər də pis deyildi. Bir sözlə, məhsuldarlığı ilə diqqət çəkən sex bu il gözlənilən nəticəni “yuxarı”ya vermədi. Səbəbi də hələ ötən ildən sexlərdə avadanlıqların işləmək üçün yararsız olmasıdır. Dövlət bütün yeni avadanlıqlarla təmin eləmişdi dəyişməyimiz üçün, amma….

 

Mənim səndən bir xahişim var, o sexlərdəki generatorlara, dəzgahlara bir baxasan, əgər sex bu il də işləməsə əlli-ayaqlı gedəcəm – deyib, dilxor halda bir papiros da yandırdı. Bir az var-gəl edib, yenə mənimlə üz-üzə dayandı:

 

- Çox işlər görmüşəm, indiyə qədər pis yaşamamışam da… İndən belə həbsxanaya düşmək istəmirəm. Ora göndərilən yeni dəzgahları da tək “yeməmişəm”… Amma məni qurban vermək istəyirlər. Sən məni qarşıdan gələn mövsüm üçün vəziyyətdən çıxart, sonra məni bir əncam çəkəcəm. Elə et ki, o sexlərdəki dəzgahlar bu il ən azı işə düşsün. Sənin əlin qızıldır, istəsən bacararsan - deyib, əlini çiynimi vuraraq maşına tərəf getdi:

 

- Sabah arxanca maşın göndərəcəm – deməyi ilə “Volqa”sına əyləşməyi bir oldu.

 

... Keçmiş əsgər yoldaşım Sergey də bu kolxozda traktorçu idi. Vəziyyəti ona bildirdim və onunla birgə kəndin kənarındakı pivə sexində düz yaza qədər əlləşdik.

 

Açığı, böyük bir kolxozun sədrinin birdən-birə mənə minnətçi düşüb xahiş etməsinə baxmayaraq, məsələnin mahiyyəti məni o qədər də maraqlandırmırdı. Dediyim kimi, təki başım qarışsın… Beləliklə də təxminən may ayına kimi biz oradakı köhnə avadanlıqları yüngül texniki təchizatla işlək vəziyyətə gətirdik. Bu, sədri o qədər sevindirmişdi ki, sanki indi dünyada məndən əziz adamı yox idi. Daha demək olar ki, kənddə yerli mexanizatorlardan da nüfuzlu birinə çevrilmişdim. Sədrlə yaxınlımdan idi, ya nədən, bilmirəm, kənddə hər kəs mənə hörmət qoyurdu, sanki burada doğulub böyümüşəm, heç elə bil Bakı olmayıb…

 

Artıq sədrin evinin daimi qonağı idim, hər addımbaşı evinə nahara və yaxud tez-tez düzəltdiyi məclislərə dəvət edirdi. Ailəsi ilə - arvadı və bir qızı ilə də məni tanış eləmişdi. Amma evi həmişə qohum-tanışlarının qızları, oğlanları ilə dolu olurdu. Adətən də səhərə qədər içirdilər.

 

Bir-iki cəhddən sonra məni də bu məclisə cəlb elədilər. Heç cəhdə ehtiyac da yox idi əslində, burada belə ucqar kəndlərdə işdən sonra yeganə məşğuliyyət idi bu məclislər, sadəcə, mənim ünvanım sədrin evi idi.

 

Sədrin arvadı Alyona evdar idi. Qızı Yelena isə Kiyevdə pedaqoji institutu yeni bitirib qayıtmışdı, kənddə dərs deyirdi. Ana və qızının nəinki kənddən, qonşu qəsəbələrdən də günaşırı demək olar ki, dostları və rəfiqələri qonaq olurdu deyə, onların heç biri ilə hələ təklikdə ünsiyyətim olmamışdı. Yəni adi içki məclislərində toplaşdığımız insanları necə yaxından tanıyırdımsa onları da o cür tanıyırdım.

 

Bir gün qızmar yay axşamı sədr Filippov kolxozun idarəsindən çıxanda onu gözləməyimi xahiş etdi. Az sonra çıxdı, maşına oturmağa işarə edib, sürücüyə kənddəki pivəxanaya sürməyi tapşırdı.

 

İş gününün sonu idi deyə susuzluq vardı, ordan-burdan danışa-danışa adama təxminən 4-5 bakal pivə içmişdik. Taxtapuşdan ibarət olan pivəxananın içərisi kəndin mujikləri ilə dolu idi. Demək olar ki, ayıq adam yox idi. Spirt qoxusunun və siqaret dumanının içində ətrafa boylanırdım ki, sədrin sərxoş səsi eşidildi:

 

- Murad, sənin qızım Yelena barədə fikrin nədi?

 

- Çox ağıllı və gözəl qıza oxşayır, Semyon Pavloviç...

 

Sözümü yarıda kəsdi:

 

- Hə, bunu hamı deyir. Sən ondan göz-qulaq ol, mənim yaxın bir dostum kimi. Onsuz da mənim Yelenadan başqa heç kimim yoxdur, bu kənddə mənim artıq yeganə güvəndiyim oğlan sənsən. Ərə gedəndən sonra isə özü bilər. Murad, avqust ayı üçün Odessaya Alyona ilə iki putyovkam vardı, biz gedəsi olmadıq. Götür Yelenanı da sən get. Aylardı dəmir-dümürlə işləyirsən, sən də istirahət edərsən, Yelena da özü haqqında düşünməyə boş vaxt tapar…

 

Desəm ki, artıq nə barədəsə götür-qoy etmək, düşünmək hissini çoxdan itirmişəm, inanın mənə. Bakıdan ayrılandan sonra zatən hər şeyi öz axarına buraxmışdım. Sabah nə edəcəyimi bu gün fikirləşmirdim. Elə ona görə də sədrin qızı barədə bu təklifini düşünmədən qəbul etdim, daha doğrusu, qəbul etməyə ehtiyac da yox idi...

 

***

 

Yelena ilə Odessaya çatdığımız gün putyovka üzrə yox, dərhal onun buradakı rəfiqəsigilə getməyi təklif etdi. İlk iki gün onlarda qaldıq. Bu günlərdə Yelena ilə mən yaxından tanış oldum, tanıdım onu və o, həqiqətən yaxşı, hətta deyərdim əla qız idi. Sanki aylardır tanımırdım, eyni tanıyırdım. O kürən, yarı qıvrım saçları, bəstə boyu və münasib bədəni olan gözəl bir qızdır. Etiraf edim ki, görünüşü ilə addımbaşı hər kəsin diqqətini cəlb edirdi.

Yelena özü haqqında, ailəsinin tarixi haqqında, gələcək planları və sevgi haqqında belə dil qəfəsə qoymadan danışırdı. Hər addımbaşı da mənim darıxıb-darıxmamağımı soruşurdu.

Növbəti gün biz putyovka üzrə ayrılmış yerə köçdük. Bura çox səliqəli, Qara Dənizin “Artikel” deyilən düşərgəsində gözəl bir yer idi. Bizim üçün ayrılmış iki nəfərlik otaq da xüsusi zövqlə bəzədilmişdi, pəncərə birbaşa dənizə açılırdı. Çimərlik isə cəmi on addımlıqda idi. Ətraf restoran, kafe və diskoteka ilə dolu idi. Bir sözlə, burada darıxmaqdan söhbət belə gedə bilməzdi. Yüklərimizi nömrəyə daşıyıb, nahar edəndən sonra hazırlığımızı görüb, çimərliyə getdik.

 

Axşama qədər çimib geri dönəndə Yelena şam yeməyini elə qaldığımız nömrədə etməyi xahiş elədi. Kiçik bir bazarlıq edib, yaxşı bir gürcü çaxırı alıb, yuxarı qalxdıq. O, dərhal güllə sürəti ilə əla bir süfrə açdı. Süfrə başındaca qəflətən belə bir sual verdi:

 

- Niyə Bakıya getmirsən? Mən olmamışam, amma tanıdığım insanlardan olanlar var, deyilər Bakı çox gözəl şəhərdir...

 

- Gözəlliyi gözümü qamaşdırır, ona görə gedə bilmirəm - deyib, zarafatla söhbətin üstündən keçmək istəsəm də əl çəkmədi:

 

- Yaxşı, burax zarafatı. Doğurdan niyə getmirsən? – deyib, uşaq inadı ilə gözlərini qıydı...

 

- Nə bilim. Heç kimim yoxdur, həm də işlərimin burada alınmağı məni burada saxladı – dedim.

 

- Hə, atam da səni yaman tərifləyir evdə. Deyir qoçaqdır. Elə hey səndən danışır...

 

Yelena Bakı və Azərbaycan barədə müxtəlif suallar verib yorulandan sonra durub maqnitofonu qoşdu, hansısa lirik fransız mahnısı idi. Məni rəqsə dəvət elədi və biz otağın ortasındaca süzməyə başladıq. Yenə Azərbaycandan danışırdı. Amma danışdıqca hiss edirdim ki, özündə deyil, şərab onu yaxşıca tutmuşdu. Nəfəsi boynumda, boğazımda gəzirdi. Onun hissləri qarşısında çox dirəniş göstərmədim və biz dəlicəsinə öpüşməyə başladıq...

 

Yenidən rəqsə davam etdik. O sanki şıltaq bir uşaq idi və mənimlə özünü sanki doğmasının yanındaymış kimi aparırdı. Məndən ayrılıb öz-özünə fırlanaraq rəqs etdikdən sonra yenidən özünə şərab süzdü:

 

- Murad, bilirsən bizim də Bakıda ailəvi tanışlarımız vardı, daha doğrusu var, amma mənim üçün yoxdur. Nədənsə xoşum gəlmir onlardan, incimə...

 

- Niyə inciyim? Qohum sənindir, mənim deyil axı, nə olsun bakılıdırlar. Kimdir axı onlar?

 

- Atası orada yüksək vəzifədə işləyir, gənclik illərindən atamla dostdur. Yəhudidirlər. Bir gic oğlu var, Dmitri. Mən Kiyevdə oxuyanda atamla anam baş-beynimi aparırdılar ki, məni ona versinlər. Hətta məni nişanladılar da. Nişan hələ qalsa da oğlan heç yada salmır, mənim də heç vecimə deyil. Artıq atam da ona əsəbiləşməyə başlayıb. Xoşum gəlmirdi oğlandan, sırtıqdır ey...

 

Onun dediklərindən sonra qulağımda qəribə uğultu oyandı. Yelenanın nədən danışdığını artıq qavraya bilmirdim, lakin görürdüm ki, ağız dolusu Armendən və onun oğlu, yəqin ki indi Amaliyanın əri olmuş Dmitridən danışır... Bayaq Yelenayla dəlicəsinə öpüşümü də xatırlayanda özümə nifrət etdim... Kiminsə, özü də tanıdığım, adı belə gələndə vicdanım ağrıyan birinin rəsmən nişanlısı ilə bu qədər yaxınam...

 

Bunları düşündüyüm yerdə Yelenanın toxunuşu məni ayıltdı:

 

- Nə oldu sənə? Bayaqdan sual verirəm eşitmirsən elə bil. Gəl buraxaq onları, özümüzlə məşğul olaq – deyib, məni yüngülcə yaxınlıqdakı çarpayıya itələyib yıxdı. Əlinin ani bir hərəkəti ilə əynindəki yay köynəyini fırladıb çıxartdı və onun sanki mərmərdən yonulmuş çılpaq bədəni göz qamaşdırmağa başladı. Özümdə iradə toplayıb ayağa qalxıb, var gücümlə otaqdan qaçmaq istəyirdim... Yelena üstümə yıxıldı... İsti dodağını dodaqlarıma yapışdırdı...

 

(ardı var)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4940
avatar

Mübariz Aslanov

Oxşar yazılar