Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Fonddan Lent.az-a verilən məlumata görə, DSMF-in mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi dekabr ayının 17-si tarixinə tam yekunlaşıb.
Ümumilikdə bu ilin 11 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.
Cari ilin 11 ayı ərzində fondun gəlirləri 2 646,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artıb.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 999,5 milyon. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 faiz çoxdur.
Bu ilin 11 ayı ərzində fondun xərcləri 2 619,4 milyon. manat olub və bunun 2 568,3 mln. manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 12 faiz çoxdur.
Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 29 0092 nəfər təşkil edir. Onların 60,8 faizini yaşa görə, 28 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.