Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Ukraynada keçirilən III Kiyev Dinlərarası Forumunda iştirak edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdən əvvəl Dövlət Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Kiyevin mərkəzində yerləşən Heydər Əliyevin abidəsini ziyarət edib.
Forumun açılış mərasimində çıxış edən Elşad İskəndərov Azərbaycanda dövlət-din münasibətləri barədə iştirakçıları məlumatlandırıb və ölkəmizin dünyaya örnək ola biləcək tolerantlıq modelinin səciyyəvi cəhətləri barədə danışıb. Dünyəvi dövlət modellərinin qlobal səviyyədə dinin mötədilliyinə təsir göstərən amil olduğunu qeyd edən Elşad İskəndərov Azərbaycanda məhz “pozitiv dünyəvilik” modelinin inkişaf etdiyini vurğulayıb. Bu model çərçivəsində dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin din sahəsinə qayğı və dəstəyi hər zaman yüksələn xətt üzrə inkişaf etməkdədir. O, prezident İlham Əliyevin “tolerantlıq və multikulturalizm Azərbaycan xarakterinin tərkib hissəsidr” tezisini açıqlayaraq bu modelin ölkəmizin milli tarixi və milli kimliyi ilə səsləşdiyini bildirib. Qırmızı qəsəbə, rus kilsəsi və digər yer və ibadətgahların qorunması, həmçinin ölkədə məscidlərin sayının müstəqillikdən sonra 17 –dən 1800-ə çatması ölkə başçısının sözlərinin bariz nümunələridir.
Qeyd edək ki, Ukrayna Ali Radasının üzvü, Ukrayna Dinlərarası Forumnun sədri Aleksandr Feldmanın təşəbbüsü ilə keçirilən Forumda 30-dan çox ölkənin din, ictimaiyyət və siyasət adamları iştirak edir. Səfər çərçivəsində Elşad İskəndərovun Belçika Krallığı Senatının prezidenti Anna Maria Lizinlə, Ukraynanın hökumət və müxtəlif dini konfessiyaların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.