Əlihəsən müəllimin panaması...
01 fevral 2014 15:14 (UTC +04:00)

Əlihəsən müəllimin panaması...

Səhər tezdən bir mesaj aldım: “Hər dəfə qar yağanda bilirsən nə düşür yadıma? Məktəbdə sənin Əlihəsən müəllimdən çıxdığın heyf. Onun panamasını qar topu ilə vurub yerə salmağın. Evdə uşaqlara da danışmışam bunu. Müəllif hüquqlarını pozub sənin elədiyini deməmişəm amma. Bir də ki, onsuz da tanımırlar səni, rayonda yaşamırsan axı”...

 

İllər öncə bir sinifdə oxuduğumuz, eyni parta arxasında əyləşdiyimiz, riyaziyyat fənnindən demək olar ki, bütün yoxlama yazı işlərimi əvəzimə həll edən dostum idi yazan. Cavab yazdım ki, mən rayona gələ bilmirəm, onun telefonunu tap mənə... Yaxşı dedi, işçilərə deyərəm taparlar bu dəqiqə... Nömrəni yığdım, bir xeyli fikirləşdim: bir az sərt kişi idi Əlihəsən müəllim. Başında panaması, boynunda qalstuku əynində də tünd göy, ya da qara rəngli kostyum. Bir də narıncı, ya da mavi jileti yadımdadır. Həm də məktəb direktorumuz idi. Çağrı düyməsini sıxdım, uzaq başı danışmayacaq dedim... Uşaqlara səhər yeməyi hazırlaya-hazırlaya, həm də zəngə cavab gözləyirdim...Bu müddətdə dostum yazan o olayı tam yadıma saldım: Orta məktəbin 7-ci sinfində oxuyurduq. Məktəb üzrə tarix fənnini yaxşı oxuyan tələbələr sırasında mən də var idim. Amma həmin il tarix kitabımı yuxarı sinifdə oxuyan uşaqlara vermişdim, ali məktəbə qəbula hazırlaşdıqları üçün. Həmin kitab çətin tapılırdı o zamanlar, daha doğrusu əlavə alınmasına icazə verilmirdi. Onlar da kitabı itirmişdilər. Mən almalarını tələb eləməmişdim, həm utandığımdan, həm də guya qürurumdan ki, ayıbdır. Buna görə tarixdən yaxşı oxuyan mənim həmin rüb qiymətim iki olmuşdu. Sinif rəhbərimiz çox danlanmışdı məni də bunu bilib sirr kimi saxlayan o biri uşaqları da. Ona görə iclas təyin eləmişdi. Bütün sinif uşaqları birgə qərara almışdıq ki, mənim qiymətimə görə çağırılan valideyn iclası barədə evdə heç nə deməyək. Uşaqların bu qərarı verəcəyi yaxşı pedaqoq gözündən yayınarmı? Əsla! Sinif rəhbərimiz Nuranə müəllimənin də gözündən yayınmamışdı. Hamının valideyninə şəxsən zəng vurub demişdi. Səhəri iclasda hər şeyin üstü açıldı, mənim özümə ziyan vurmaq bahasına elədiyim yaxşılıq da, uşaqların evdə iclas barədə deməməyi də... Uzun  “tərifdən” sonra anam hamının yanında ayağa qalxıb mənə bir sillə vurdu. Çünki hamı mənə görə həm də evində öz valideynini aldatmışdı, mən danlanmayım deyə...Əslində mən kimsədən xahiş minnət də eləməmişdim. Sadəcə belə idik, biz sinif olaraq. Dedikmi, edəcəkdik. Ən son danlağım Əlihəsən müəllimdən oldu. Qulağımı çəkdi, sözün əsl mənasında. “Çox şıltaqsan” dedi, oğlanlar səndən sakitdir. O, bunu xüsusi edirdi, özü də əsasən oğlanlara, bir də mənə. Məktəbdə bu cəzanı alan yeganə qız idim. Bu mənə ağır gəlmişdi. Həmin il həm də bərk qar yağmışdı. Məktəbin həyətində qartopu oynayırdıq ki, Əlihəsən müəllim gəldi. İçimdəki kinim və heyf çıxmaq arzum məni uşaqlarla mərcə məcbur eləmişdi. And içdim ki, onun panamasını başından vurub salacağam. Qar topası düzəldim, guya uşaqlardan hansınasa atırammış kimi müəllim gələn istiqamətə atdım. Və istədiyim oldu. Kişi həm diksindi, həm də üzümə baxdı, amma hirslənmədi, başını yelləyib güldü... Çünki niyə elədiyimi anlamışdı. Xatirələrin ardınca düşüb az qala çatmışdım o illərə... Telefondan gələn “bəli” səsinə diksindim... O idi, “düşmən ” saydığım müəllimim...

 - Salam müəllim

- Salam qızım

-Necəsiz?

-Sağ olasan, bir az yüksəkdən danış, qocalmışıq qızım tanıya bilmirəm səni....

 - Jaləyəm, tanıdız, Mütəllimova?!...

 Uzun pauza yarandı, sonra, yaşlı bir adamın ağır nəfəsini və kövrəlmiş səsini eşitdim... - - Hardan düşdüm yadına, ay dəcəl?

- Day elə deyiləm, müəllim, ağıllanmışam. Neynirsiz, necədi oralarda həyat?

-Yaşlı birinə görə əladır qızım. Səhər durmuşuq qar yağır, Raya müəllimdən (o xanımna həmişə belə deyirdi) peçin üstündə çörək qızartmasını istəmişdim. Onu eləyir. O da sənə salam deyir. Amma vallah ta onu da yeyə bilmərəm bu gün. Dilim söz tutmur.

 -Niyə?

- Ağlıma gəlməzdi bala, heç ağlıma gəlməzdi sənin 20 ildən sonra məni yada salacağın. - Əslində qar saldı sizi yadıma. Yadınızdadır?

Bu dəfə güldü, həm də ürəkdən...

-Hə, hə, o qarla vurub başımdan saldığım panamanı qovub küləkdə zorla tutmağım yadımdadı. Yaman dəcəl idin. Amma indi sənə bir söz deyim qızım, heç ürəkdən hirslənə bilmirdim sənə...Onda da hirslənə bilməmişdim...

Xeyli danışdıq, dərdləşdik, kövrəlib ağladıq da... Ali təhsil almağımda rolu olan ən yaxşı iki müəllimimi Mirseyib və Seyfi müəllimi də yadımıza saldıq. Bu üç müəllimə, bir də məni böyüdən nənə-babama bu gün nəyəmsə ona görə böyük minnətdarlıq var içimdə. Bu üzdən rayona gedən kimi ailə üzvlərimdən biri kimi yad eləməsəydim olmazdı onları da... Sonra ölümün də yadına düşdü onlar... Babamı torpağa tapşırdıq, sonra nənəmi...Bir dəfə Seyfi müəllimi görməyə deyəndə anam, “getmə” dedi, rəhmətə gedib... Mənsə, son borcumu vermək üçün getdim...Sonra Mirseyib müəllimin evində də bu səbəbdən oldum. Daha o evlərə gedə bilmirəm. Heç babamgilə də...Çünki o kiçik radioqəbuledicimiz, ağ-qara göstərən televizorumuz, odun sobamiz, isti təndirimiz, heç o çiy kərpicdən hörülən evimiz də qalmayıb...Ən başlıcası isə onlar yoxdur, babam-atam, nənəm-anam.... Əlihəsən müəllimsə həyatımda, formalaşmamda rolu olan o möhtəşəm insanlardan qalar yeganə yadigardı mənə...Ömrü uzun olsun istəyirəm... Nə yaxşı ki, qar yağdı... Bu ildən o illərə, ən gözəl xatirələrə apardı məni...Hələ yağsın istəyirəm. İşinə sığınacağım çox xatirəm var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1544
avatar

Jalə Mütəllimova

Oxşar yazılar