“Biz Bakı Ali Neft Məktəbinin (BANM) uğurlu təcrübəsindən yeni yaradılmış İnformasiya Texnologiyaları Universitetinin (İTU) quruculuğunda istifadə edəcəyik”. Bunu BANM-nin tələbələri ilə görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazir qeyd edib ki, ölkənin inkişafı və gələcəyi onun savadlı gənc kadrlarından asılıdır. Ə. Abbsovun sözlərinə görə, İTU-nun yaradılmasının mühüm əhəmiyyət kəsb edən layihə olduğunu və bu ali təhsil müəssisəsinin quruculuğunda BANM-in uğurlu təcrübəsindən istifadə olunacağını vurğulayıb.
“Azərbaycanın ilk peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addımdır. Bununla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir” - deyə, Ə. Abbasov əlavə edib.
Daha sonra çıxış edən məktəbin rektoru Elmar Qasımov qonağı bu günlərdə tarixi hadisəyə çevrilmiş Azərbaycanın ilk “Azərspace-1” telekomunikasiya peykinin orbitə buraxılması münasibəti ilə təbrik edib və Azərbaycanda aparılan uğurlu iqtisadi siyasətdən danışıb.