““Azərişıq” ASC yeni xidmətini istehlakçıların ixtiyarına verib.
Lent.az-ın xəbərinə görə, “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli ilə Tədris Mərkəzinin direktoru Vüqar Əliyev keçirdikləri mətbuat konfransında bildiriblər ki, yeni xidmət sayəsində artıq istehlakçının işi asanlaşacaq, vaxta və büdcəyə qənaət ediləcək, keyfiyyətlilik və təhlükəsizlik təmin ediləcək. Odur ki, elektrik avadanlıqlarının istismarı zamanı, anidən baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya elektrik şəbəkələrində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün indi ən yaxşı yol “ASAN xidmət” mərkəzlərinə yaxınlaşmaq və “Azərişıq” ASC-nin “İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidmətindən faydalanmaqdır.
Belə ki, artıq zavod, fabrik, müəssisə, təşkilat, şirkət, ofis, bağ, villa bir sözlə özəl sektorda, o cümlədən şəxsi mülkiyyətdə olan bütün kommersiya, kənd təsərrüfatı, sənaye və digər sahələrdəki istehlakçılar, balansındakı elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsini daha asan yolla və peşəkarlara həvalə edərək, həll edə biləcəklər.
Bu xidmət vasitəsi ilə abonentlərə kabel xətlərinin diaqnostikası, zədələrin təyini, istənilən hava şəraitində xətlərə baxış, ağacların budaqlarının neytrallaşdırılması, köhnə dayaqların dəyişdirilməsi, ildırımdan mühafizə troslarının ölçülməsi, transformatorlara baxış, yağ əlavəsi, gərginliyin nizamlanması, açıb-qoşma əməliyyatları, özəl müəssisələrin balansında olan yarımstansiyalarda daimi növbətçiliyin təşkili, açarların dəyişdirilməsi, ölçü cihazlarının quraşdırılması və ümumilikdə 500-dən çox əməliyyatlar həyata keçirilir. Bu xidmətin abonent üçün kifayət qədər üstünlükləri və xeyri var.