Dövlət Sosial müdafiə Fondunda (DSMF) yeni elektron xidmətin təqdimatı keçirilib. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya kommunikasiya texnologiyalarının (İKT) uğurlu tətbiqi nəticəsində DSMF tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür.
DSMF-də yeni elektron xidmətlərin təqdimatı ilə bağlı keçirilən tədbirdə çıxış edən Fondun şöbə müdiri Məmməd Nuriyev bütün bunlar barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, dövlət başçısının 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin İKT vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir. “Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi başlıca prinsiplərdəndir. Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində Dövlət Sosial Müdafiə Fondu öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.
M. Nuriyev qeyd edib ki, DSMF-nın elektron xidmətlərindən biri də bu gün təqdimatı keçirilən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı elektron xidmətdir. Bu xidmət aşağıdakı 5 növ müavinət üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur: 1) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; 2) hamiləliyə və doğuma görə müavinət; 3) uşağın anadan olmasına görə müavinət; 4) uşağa qulluğa görə müavinət; 5) dəfn üçün müavinət.
Müavinətlərlə bağlı elektron xidmətdən istifadə edilməsi üçün adı çəkilən hər bir müavinət növü üzrə ayrıca proqram təminatı hazırlanıb. Yeni proqram təminatı əməliyyatların kağız üzərində deyil, elektron qaydada funksionallaşdırılmasını təmin edir. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə qaydaları və xüsusi proqram təminatları www.e-gov.az saytında yerləşdirilib. “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət, dəfn üçün müavinətin verilməsi” adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Bura sığortaedənin DSMF orqanlarında əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin tərtibi üzrə proqram təminatından istifadə, hamiləliyə və doğuma görə müavinətin tərtibi üzrə proqram təminatından istifadə, uşağın anadan olmasına görə müavinətin tərtibi üzrə proqram təminatından istifadə, uşağa qulluğa görə müavinətin tərtibi üzrə proqram təminatından istifadə, dəfn üçün müavinətin tərtibi üzrə proqram təminatından istifadə daxildir.
Şöbə müdiri diqqətə çatdırıb ki, 2013-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına 210 mindən yuxarı şəxsə müavinət ödənilib. Belə böyük sayda kontingentə 5 müavinət növü üzrə xidmətin avtomatlaşdırılması şəffaflığı daha da artıracaq. Sonda DSMF-nın sektor müdiri Rüfət Oruclu yeni elektron xidmətləri təqdim edib.