Dövlət Sosial Müdafiə Fondunda 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a Fondan məlumat verilib.
İclası giriş sözü ilə açan Fondun sədri Elman Mehdiyev vurğulayıb ki, Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2013-cü ildə də uğurla davam etdirilib.
Kollegiya iclasında Fondun yerli orqanlarının 2013-cü ildəki fəaliyyəti ətraflı təhlil edilib və öz işində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin
görülməsi üçün müvafiq qərarlar qəbul olunub. İclasda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda icrası 2014-cü il üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərlə bağlı ətraflı müzakirələr aparılıb. Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin daha da sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.