DSMF Kürdəmirdə vətəndaş forumu keçirib
03 aprel 2015 13:32 (UTC +04:00)

DSMF Kürdəmirdə vətəndaş forumu keçirib

 

Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Kürdəmirdə regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, “Dövlət qulluqçularının pensiya təminatı: fərdi uçot əsaslı sosial sığortalanma və əlavə imtiyazlar” mövzusuna həsr olunan tədbirdə Kürdəmir, Ağsu, Şamaxı və Qobustan rayonlarının  sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib.

 

Vətəndaş forumunda sığortaolunanlar və pensiyaçıların çoxsaylı sualları cavablandırııb, dövlət qulluqçularının sosial sığortalanması və pensiya təminatı məsələləri ilə bağlı ətraflı müzakirələr aparılıb.

 

Geniş maraq doğuran müzakirələrin gedişində vətəndaşları məlumatlandıran DSMF-nin şöbə müdiri F.Qədimov bildirib ki, ölkəmizdə sosial həyatın  bütün sahələrində, o cümlədən sığorta- pensiya sistemində davamlı inkişafa nail olunub. Həyata keçirilən islahatlar çərçivəsində 2006-cı ildən etibarən dövlət qulluqçularının fərdi uçot sistemi ilə əhatə olunmasına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu əsasında pensiya təminatına başlanılıb. Nəticədə dövlət qulluğunda çalışmış şəxslərə pensiyaların təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşındakı artımlara uyğun yenidən hesablanır.

 

Aprelin 1-nə olan statistikaya əsasən, ölkəmizdə dövlət qulluqçusu kimi pensiya alanların sayı 13863 nəfər təşkil edir. Onların 60,89 faizi yaşa görə, 26,42 faizi əlilliyə görə, 12,69 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçusu kimi pensiya alanların 69,7 faizi kişilər, 30,3 faizi isə qadınlardır. Hazırda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 474,1 manatdır. Bu qəbildən olan pensiyaçılar ölkə üzrə pensiyaçıların 1,1 faizini təşkil edir.

 

Təqdimatla çıxış edən Fondun şöbə müdiri Fərid Baxşıyev dövlət qulluqçusu kimi pensiyaya çıxma şərtləri ilə bağlı yaranan bir çox suallara aydınlıq gətirib. Dövlət qulluqçusunun müraciət etdiyi vaxt mövcud olmayan vəzifələrin uyğunlaşdırma siyahısında nəzərdə tutulmayan vəzifələr, xidmət illərinə görə qulluq əlavəsinin faizləri, ixtisas dərəcəsi əlavəsinin nəzərə alınması, işləyən dövlət qulluqçularına əlavələrin ödəniş qaydası və digər bu kimi məsələlər barədə iştirakçılarla geniş izahat aparılıb.

DSMF-nin əməkdaşı Emil Əfəndiyevin Fondun fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar