DSMF interaktiv sorğunun nəticələrini açıqlayıb
05 fevral 2015 11:10 (UTC +04:00)

DSMF interaktiv sorğunun nəticələrini açıqlayıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az,www.dsmf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb. Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu dəfəki sorğu zamanı respondentlərə “Hansı məsələlər barədə daha ətraflı məlumatlandırılmağa ehtiyac duyursunuz” sualı ünvanlanıb.

Sorğuda iştirak edənlərin 42,83 faizi sosial sığorta haqqında ətraflı məlumatlandırılmağa ehtiyac duyduğunu bildirib. Respondentlərin 40,05 faizinin fikrincə, əmək pensiyaları haqqında ətraflı informasiyaya ehtiyac var. Rəy bildirənlərin 17,12 faizi isə fərdi uçot sistemi ilə bağlı ətraflı məlumat almaq istəyini ifadə edib. 


Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. “Elektron hökümət” portalının statistikasına əsasən, DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. 2014-cü ildə Fondun 6 yeni elektron xidməti aktivləşdirilərək, “Elektron hökumət” portalına inteqrasiya edilib. İl ərzində Fondun həm öz saytı, həm də “Elektron hökumət portalı” və “Elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 milyon 380 minə yaxın istifadə sayı qeydə alınıb.


Ötən dövr ərzində bütün zəruri işlər görülərək, məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bu da beynəlxalq təşkilatın reytinq göstəricisində öz əksini tapıb. Belə ki, “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.


“Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir.


Hesabatların elektron qaydada təqdim edilməsini nəzərdə tutan “Elektron hesabat” xidməti isə DSMF-nin sığortaedənlər tərəfindən ən fəal istifadə olunan elektron xidmət növlərindən biridir. Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanına malikdirlər.


Ötən il pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən “Mərkəzi çağrı sistemi” (“190-0” nömrəli telefon məlumat xidməti) vasitəsi ilə həyata keçirilməsi davam etdirilib. İl ərzində pensiya yaşına çatmış 2194 nəfər vətəndaşa bu sistem vasitəsilə pensiya təyin edilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar