Dövlət Sosial Müdafiə Fondunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, mərasim iştirakçıları öncə Heydər Əliyev Mərkəzini ziyarət edərək, Mərkəzdə fəaliyyət göstərən, ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini özündə əks etdirən Heydər Əliyev Muzeyinin eksponatları ilə tanış olublar. Daha sonra DSMF-nın inzibati binasının foyesində H. Əliyevin büstü önünə əklil qoyularaq, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən DSMF sədri Elman Mehdiyev ümummilli lider Heydər Əliyevin sosial quruculuq sahəsindəki gördüyü işlərdən söhbət açaraq bildirib ki, Azərbaycan xalqının müstəqil dövlət quruculuğu kimi şərəfli tarixi vəzifəni yerinə yetirməsi bütün çətinliklərə öz dühası ilə qalib gələn böyük şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkəmizin müasir inkişaf modelini formalaşdırıb. Bu modelin əsas mərkəzi həlqəsi və dövlət quruculuğu fəlsəfəsinin başlıca elementi sosial rifahdır. “Bu gün hər bir azərbaycanlı Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf edən Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməkdə görür. Fəxrlə söyləyə bilərik ki, Heydər Əliyevin "Azad, sərbəst demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir" arzusu prezident İlham Əliyevin səyi nəticəsində tam reallığa çevrilib”.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək bildirib ki, Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, dövlətinin, xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb.