Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, DSMF sədri Elman Mehdiyev Azərbaycanda həyata keçirilən hərtərəfli inkişaf siyasətindən bəhs edərək vurğulayıb ki, prezident İlham Əliyevin uğurla reallaşdırdığı müasir inkişaf strategiyası nəticəsində ölkəmizdə dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb, respublikamız inkişaf göstəricilərinə görə dünya ölkələri sırasında öncül mövqedə qərarlaşıb, beynəlxalq aləmdə nüfuzu durmadan möhkəmlənən etibarlı tərəfdaşa çevrilib.
E. Mehdiyev bildirib ki, 2014-cü ildə Fondun gəlirləri 2013-cü ilə nisbətən 223,0 mln. manat və ya 8,3 faiz artaraq 2894,3 mln. manata yüksəlib. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1744,9 mln. manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8 mln. manat çoxdur. 2014-cü ildə sosial sığorta haqlarının 64,6 faizi və ya 1126,4 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 13,5 faiz və ya 134,4 mln. manat artıqdır. Qeyri-büdcə üzrə sosial sığorta daxilolmalarındakı əhəmiyyətli artım ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisidir və bu artım tendensiyası nəticəsində dövlət büdcəsindən DSMF-yə ayrılan transfertin xüsusi çəkisi azalıb.
Ötən il ərzində DSMF-nin xərcləri 2868,8 mln. manat təşkil edib və bunun da 2809,1 mln. manatı və yaxud 98 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2738,5 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 70,6 mln. manat təşkil edib. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkə prezidentinin müvafiq sərəncamına əsasən, 2014-cü ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2,4 faizlik artım tətbiq olunub. Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.
Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin əvvəlinə nisbətən 285 min nəfər artaraq 2 milyon 976 min nəfərdən çox təşkil edib. 2014-cü ildə 6 yeni elektron xidmət aktivləşdirilərək “Elektron hökumət” portalına inteqrasiya edilib. “Elektron hökümət” portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutan DSMF-nin elektron xidmətlərindən il ərzində Fondun həm öz saytı, həm də “elektron hökumət portalı” və “elektron ödəniş portalı” vasitəsilə ümumilikdə 1 milyon 380 minə yaxın istifadə sayı qeydə alınıb. Dünya Bankının “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.
Ölkədə nağdsız hesablaşmaların genişləndirilməsi üçün mühüm tədbirlərdən biri kimi 2014-cü ildə pensiyaçıların istifadəsinə verilmiş “Pensiya+” xidməti çərçivəsində Azərbaycan Beynəlxalq Bankına məxsus bütün pensiya kartlarının sahibləri üçün avtomatik olaraq aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradılıb və pensiyaçılar tərəfindən nağdsız ödəniş zamanı istifadə edilən bu vəsaitlərə görə heç bir xidmət haqqı ödənilmir. Fəaliyyətə başladığı dövrdən hazıradək bu xidmət çərçivəsində həyata keçirilən nağdsız ödənişlərin dövriyyəsi 2 dəfə artıb. Bilavasitə pensiyaçılara xidmət göstərən bankomatların sayı 858-ə çatdırılıb. Hazırda pensiya ödənişi aparılan pensiyaçıların 99,9 faizinin pensiyası plastik kartlarla ödənilir.
2014-cü il ərzində Fond 4 sayda mərkəzi, 15 sayda regional təqdimat keçirib. Bununla yanaşı “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” və “Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır” mövzularında KİV arasında müsabiqə keçirilib. Həmçinin elektron xidmətlər mövzusunda xüsusi reklam çarxı hazırlanaraq televiziya kanallarında yayımlanıb. Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində 2014-cü ildə DSMF üzrə daxil olan vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı 35 faiz azalıb.
2014-cü il ərzində Fondun Aparatına vətəndaşlardan 7986 (2013-cü il ilə müqayisədə 10 faiz az) müraciət, onlardan 2419 ədədi elektron poçt vasitəsilə daxil olmuşdur. Hesabat ilində bilavasitə Fondun sədri tərəfindən aparatda 59, regionlarda isə 351 vətəndaş qəbul edilərək onların müraciətlərinə baxılıb.
Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı DSMF ilə Avropa İttifaqının birgə layihəsi 2014-cü ildə fəaliyyətə başlayıb. Qeyd edilən layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaq.