Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində statistik məlumatlarla bağlı sanksiyaların müzakirəsi zamanı Dövlət Statistika Komitəsinin ünvanına sərt ittihamlar səsləndirilib. Lent.az-ın məlumatına görə, çıxış edən deputat Bəxtiyar Əliyev bildirib ki, Komitə rəsmi bülletenlərində böyük təhriflərə yol verir.
“ Statistika Komitəsinin bülletenlərində ciddi təhriflərə yol verilir. Bilmirəm bunu bilmədiklərindən, yoxsa qurumların ötürdüyü yanlış məlumatlar əsasında edirlər. Hər halda belə hallar mövcuddur”.
Deputat Sabir Rüstəmxanlı da bildirib ki, Statistika Komitəsinin fəaliyyəti Milli Məclisdə müzakirə olunmalıdır: “Statistika Komitəsinin məlumatı hərdən yanlış olur, bəzən də insanların hissiyyatına toxunan formada verilir”.
Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib ki, Statistika Komitəsinin hətta deputatlara təqdim etdiyi statistik hesabatlarda ciddi səhvlər və qeyri-dəqiq məlumatlar olur: “Bunu Statistika Komitəsinin sədrinə bildirəcəm, araşdırılacaq”.