Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun "APA-Economics"ə müsahibəsi:
- Müstəqillik qazanıldıqdan sonra respublikamızda dəniz nəqliyyatı sahəsinin tənzimlənməsi zərurəti və bu səbəbdən müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının yaradılması barədə məlumat verməyinizi istərdik.
- Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ölkə başçısının 6 fevral 2006-cı il tarixli 1271 nömrəli sərəncamına əsasən yaradılıb və həmin sərəncamda Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində aparılan siyasətin, habelə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın, Azərbaycanın tərəfdar çıxdığı Beynəlxalq Konvensiyaların icrasına nəzarətin həyata keçirilməsi Dövlət Dəniz Administrasiyasının səlahiyyətlərinə aid edilib.
Dövlət Dəniz Administrasiyası yaradıldıqdan sonra bütün dəniz dövlətlərində olduğu kimi, Azərbaycan prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli fərmanı ilə təsdiq edilmiş "Əsasnamə"yə müvafiq olaraq, Administrasiya Azərbaycan ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərməkdədir.
Məlumat üçün bildirmək istərdim ki, dünya ticarət məhsullarının 80%-dən artıq hissəsinin təhlükəsiz, maddi cəhətdən sərfəli və ətraf mühitə daha az mənfi təsir göstərməklə daşınması məhz dəniz nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Dəniz nəqliyyatının inkişafı ilə əlaqədar bütün dünya dövlətləri tərəfindən qəbul olunan və riayət edilən, dənizçilik münasibətlərini tənzimləyən tələblərə və normalara daim ehtiyac duyulub. Bu normaların effektiv fəaliyyət göstərən bir təşkilatda müzakirə və qəbul edilməsinin vacibliyi nəzərə alınaraq 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının strukturuna daxil olan Beynəlxalq Dəniz Təşkilatı yaradılıb. Azərbaycan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ilin may ayında Beynəlxalq Dəniz Təşkilatına tam səlahiyyətli üzv qəbul olunub.
Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, dəniz nəqliyyatı kompleksinin inkişafı sahəsində də müstəsna rolunu qeyd etmək istərdim. Dəniz donanmasına malik keçmiş sovet respublikalarının bir çoxunda donanmalar qayğısızlıq və nəzarətsizlik üzündən, demək olar ki, dağılıb. Bizim ölkəmizdə isə iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahəsindən biri olan dəniz nəqliyyatı üzərində nəzarət saxlanıb. Bu gün də qeyd edilən sahəyə diqqət və qayğı prezidentimiz tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda donanmada sərnişin bərələri, "ro-ro" tipli gəmilər, neft tankerləri, quru yük gəmiləri, boru kəməri çəkən, elmi-tədqiqat, qəza-xilasetmə, yedək və dalğıc gəmiləri, torpaqqazan, həmçinin analoqu olmayan iritonnajlı kran gəmiləri mövcuddur ki, bu da ölkəmizi həqiqətən qüdrətli dəniz dövləti hesab etməyə əsas verir. Ümumiyyətlə, hazırda respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsinin də sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi möhtərəm prezidentimiz gərgin əməyinin nəticəsi kimi qiymətləndirilməlidir.
Əlavə olaraq bildirmək istərdim ki, "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin əsas funksiyaları – Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirmənin təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir.
Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstündür. Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçiblər.
- Administrasiyanın Beynəlxalq Dəniz Təşkilatı ilə əməkdaşlığı, eləcə də dəniz nəqliyyatı sahəsi ilə bağlı digər beynəlxalq və regional əməkdaşlığı hansı səviyyədədir?
- Məlumat üçün bildirmək istərdim ki, Beynəlxalq Dəniz Təşkilatı Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olub, beynəlxalq dəniz gəmiçiliyinin təhlükəsizliyi, mühafizəsi və dəniz mühitinin qorunmasını həyata keçirən beynəlxalq hökumətlərarası təşkilatdır.
Beynəlxalq Dəniz Təşkilatı 1948-ci ildə Cenevrədə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq konfransında “Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiyası”nın qəbul edilməsi ilə təsis edilmiş və 1958-ci ildə "Hökumətlərarası dəniz məsləhətləşmə təşkilatı" (IMKO) adı ilə fəaliyyətə başlamışdır. Sözügedən qurumun adı 1982-ci ildən Beynəlxalq Dəniz Təşkilatı adlanır və Təşkilata üzv dövlətlərin sayı hal-hazırda 171-dir
Beynəlxalq Dəniz Təşkilatının rəsmi məqsədi beynəlxalq dəniz gəmiçiliyinə aid istənilən texniki məsələlərdə hökumət tənzimlənməsini və praktika sahəsində hökumətlərin əməkdaşlığını təmin etmək, dənizdə təhlükəsizlik, gəmiçiliyin səmərəliliyi, dənizin gəmilər vasitəsilə çirkləndirilməsinin qarşısının alınması və bu cür çirklənməyə qarşı mübarizə məsələlərində mümkün qədər praktiki baxımdan maksimal normaların hamılıqla qəbul edilməsini təşkil etmək və buna şərait yaratmaq, təşkilatın məqsədi ilə əlaqədar inzibati və hüquqi məsələləri nəzərdən keçirməkdir.
Beynəlxalq Dəniz Təşkilatı 50-dən artıq beynəlxalq sənəd, o cümlədən dənizdə insanların həyatının mühafizəsi, dənizçilərin hazırlanması, dəniz gəmiçiliyinin təhlükəsizliyinə zidd olan qanunsuz hallara qarşı mübarizə, gəmilərin dənizdə toqquşmasının qarşısının alınması üçün beynəlxalq qaydalar, dənizlə daşınan yüklərin nişanlanması, dənizdə axtarış və xilasetmə məsələlərinə, dənizlərin neftlə çirklənməsindən dəyən zərərə görə mülki məsuliyyət, gəmilərin ölçülməsi və başqa məsələlərə dair konvensiyalar qəbul edib.
Beynəlxalq Dəniz Təşkilatı Assambleya, Şura və 5 əsas komitədən ibarətdir. Bu komitələrə Dəniz Təhlükəsizliyi Komitəsi, Dəniz mühitinin qorunması komitəsi, Hüquq Komitəsi, Texniki Komitə və Asanlaşdırma Komitəsi aiddir.
Təşkilatın ən ali rəhbər orqanı Assambleyadır. Assambleya Təşkilata bütün üzv ölkələrdən ibarətdir və iki ildən bir müntəzəm olaraq toplanır və zəruri olduğu hallarda növbədənkənar fövqəladə sessiya keçirir. Assambleya əsasən iş proqramlarını, təşkilatın büdcəsini və maliyyə məsələlərini həll edir. Assambleya həmçinin Təşkilatın Şurasını seçir.
Şura Assambleyanın hər iki ildən bir sessiyasında keçirilən səsvermə ilə iki il müddətinə seçilir. Şura Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının nəzdində icraiyyə orqandır və təşkilatın işinə rəhbərlik edir. Şuranın əsas fəaliyyəti Təşkilatın orqanları arasında koordinasiya fəaliyyətini həyata keçirmək, təşkilatın iş proqramının və büdcə proqnozlarının hazırlanması və onun Assambleyaya təqdim edilməsi, Təşkilatın Komitələrinin və digər orqanlarının məruzələrini və təkliflərini qəbul etmək və Assambleya və Üzv Dövlətlərə təqdim etmək, Assambleyanın təsdiq olunması ilə Təşkilatın Baş Katibini dörd il müddətinə təyin etməkdir.
Dövlət Dəniz Administrasiyası qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirir. Ölkəmiz bu sahədə çoxtərəfli əməkdaşlıq fəaliyyətini təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumlarla da inkişaf etdirməkdədir.
- Qarşıda Dövlət Dəniz Administrasiyasının iştirakı nəzərdə tutulan tədbirlər barədə fikirlərinizi bilmək istərdik.
- Məlumat üçün bildirmək istərdim ki, Azərbaycan nümayəndə heyətinin cari ilin 21-25 noyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının nüfuzlu təşkilatı olan Beynəlxalq Dəniz Təşkilatının London şəhərində yerləşən baş qərargahında keçiriləcək Dəniz Təhlükəsizliyi Komitəsinin 97-ci Sessiyasında iştirakı nəzərdə tutulur.
Sessiyada üzv dövlətlərin diqqətinin beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə görülmüş işlərə yönəldilməsi və nümayəndə heyətləri tərəfindən hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlərin gücləndirilməsi üzrə müzakirələrin aparılması nəzərdə tutulur.
Həmçinin Sessiyada Azərbaycanın da qoşulduğu “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”ya, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya, eləcə də “Maye qazları qalama şəklində daşıyan gəmilərin inşası və avadanlıqlarına dair Beynəlxalq Məcəllə”yə, “Neft tankerlərinin və qalama yüklər daşıyan gəmilərin yoxlanılması üzrə genişləndirilmiş təftiş proqramı haqqında Beynəlxalq Məcəllə”yə və “Dayanıqlılığa dair Beynəlxalq Məcəllə”yə təklif edilən dəyişikliklərin nəzərdən keçirilməsi və qeyd olunan təkliflərlə bağlı müzakirələrin aparılması planlaşdırılır.
Sessiya müddətində, həmçinin Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, Sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə görüşmək və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparmaq imkanı da əldə edəcək ki, bu isə öz növbəsində dəniz nəqliyyatı sahəsində görülən işlərin daha da səmərəli və effektiv olmasına öz müsbət töhfəsini göstərəcək.
Qeyd edilənlərlə yanaşı bildirmək istərdim ki, əməkdaşlarımızın bir sıra digər mühüm əhəmiyyətli beynəlxalq və regional səviyyələrdə təşkil ediləcək tədbirlərdə yaxından iştirakları da nəzərdə tutulur ki, bununla əlaqədar zəruri məlumatlarla ictimaiyyətimiz məlumatlandırılacaqdır.
- Azərbaycanın dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq sənədlər hansılardır?
- Qeyd etmək istərdim ki, ölkəmizin 1995-ci ildən Beynəlxalq Dəniz Təşkilatına üzv olduğu tarixdən etibarən “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” (SOLAS-74), “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya” (MARPOL), “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya” (STCW), “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya” (COLREG), “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında Konvensiya” kimi dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulmuşdur. Beynəlxalq konvensiya və protokollardan irəli gələrək dəniz nəqliyyatı sahəsinə dair tələblərin təmin olunması qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasıtərəfindən həyata keçirilir.
Belə ki, “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının yaradılması haqqında” prezidentin 6 fevral 2006-cı il tarixli 1271 nömrəli sərəncamında Azərbaycanda dəniz gəmiçiliyi sahəsində aparılan siyasətin, habelə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq dəniz təşkilatları ilə əməkdaşlığın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq dəniz konvensiyalarının icrasına nəzarətin həyata keçirilməsi səlahiyyətlərinin Administrasiyaya tapşırılması məsələsi öz əksini tapıb.
Dövlət Dəniz Administrasiyası gəmiçilik sahəsində fəaliyyət göstərən müəssisələr, təşkilatlar və Azərbaycanın dövlət bayrağı altında üzən gəmilər tərəfindən bu konvensiyaların tələblərinin yerinə yetirilməsinə nəzarət işini həyata keçirərək müvafiq sahədə böyük uğurların qazanılmasını təmin edib.
Dövlət Dəniz Administrasiyası tərəfindən dənizçilərin hazırlanması və onlara diplomların verilməsi sahəsində həyata keçirilən effektiv fəaliyyətin nəticəsidir ki, 2011-ci ildə Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış yoxlamalar nəticəsində Dövlət Dəniz Administrasiyası tərəfindən verilmiş diplom və sertifikatlar Avropa İttifaqının direktivlərinə uyğun olaraq Avropa İttifaqı tərəfindən tanınmışdır və xüsusi ilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Beynəlxalq Dəniz Təşkilatının “Ağ siyahısı”na daxil edilib.
- Dəniz nəqliyyatı sahəsində qanunvericiliyimizin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və gələcək planlar barədə danışardınız.
- Avropa İttifaqı tərəfindən Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin Azərbaycan üzrə Fəaliyyət Proqramı çərçivəsində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında 2 il müddətində “Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında Tvinninq layihəsi” həyata keçirilib.
Qeyd edilən layihə çərçivəsində Avropa İttifaqı təcrübəsi və qanunvericiliyi nəzərə alınmaqla hazırlanmış “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinə təqdim edilməsi təmin edilib və qeyd olunan Qanun 18 aprel 2014-cü il tarixində Milli Məclis tərəfindən qəbul olunub.
7 fəsil və 29 maddədən ibarət olan adıçəkilən qanun Azərbaycanın dəniz limanlarında ticarət gəmiçiliyindən yaranan münasibətlərin tənzimlənməsini, limanların inşası, açılması, bağlanması qaydalarını, limanlarda fəaliyyətin həyata keçirilməsini, o cümlədən xidmətlərin göstərilməsi, habelə limanlarda fəaliyyətin dövlət tənzimlənməsinin əsaslarını müəyyən edən normativ müddəaları özündə ehtiva edir.
Həmçinin bu layihə çərçivəsində Administrasiya tərəfindən hazırlanmış 9 layihədən artıq 7-si (“Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin aparılması Qaydası”, “Gəmi agenti haqqında Əsasnamə”, “Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə Qaydası”, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”, “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası”, "Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası" və "Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu Qaydası") təsdiq olunub.
Eyni zamanda adıçəkilən Tvinninq layihəsi çərçivəsində dəniz üzgüçülüyünün təhlükəsizliyi üzrə Azərbaycan qanunvericiliyinin “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya”ya uyğun olaraq təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm sənədlər işlənib hazırlanıb.
Qeyd edilən layihənin uğurlu icrasının davamı olaraq bildirmək istərdik ki, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında 2015-ci ilin noyabr ayından əsas məqsədi dəniz nəqliyyatı sahəsi üzrə normativ hüquqi aktların beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarət olan “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı Tvinninq layihəsinin həyata keçirilməsinə başlanılıb ki, bu layihə çərçivəsində dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin mühafizəsi ilə əlaqədar gəmi sahibləri və dənizçilər üçün inzibati məsuliyyətin müəyyən edilməsini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsini nəzərdə tutan layihə hazırlanıb. Həmin layihə yekunlaşdırılaraq qısa bir zamanda aidiyyəti üzrə təqdim ediləcək.
- Dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində nə kimi işlər görülüb?
- Məlumat üçün qeyd etmək istərdim ki, Azərbaycan prezidentinin
14 mart 2014-cü il tarixli 338 nömrəli sərəncamına əsasən ölkəmizin ərazisində dəniz üzgüçülüyünün təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi yaradılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2014-cü il tarixli 164 nömrəli Qərarı ilə təsdiq edilmiş Nizamnaməyə əsasən adıçəkilən Mərkəzin funksiyalarına Azərbaycan Respublikasının ərazi sularında və liman akvatoriyalarında dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin təşkil olunması, gəmilərin hərəkətinin idarə edilməsi, gəmilərdə yoxlamaların həyata keçirilməsi, bələdçi xidmətinin göstərilməsi, gəmilərin uzaq məsafədən izlənilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyinə aid digər funksiyalar daxildir.
Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin yaradılması Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyaların tələblərinin yerinə yetirilməsinə və gəmilərin nəzarət yoxlamasının beynəlxalq standartlara uyğun olaraq daha səmərəli və effektiv həyata keçirilməsinə xidmət göstərəcək.
Məlumat üçün qeyd etmək istərdim ki, respublikamızda dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunmasında görülmüş işlər və təşəkkül tapmış mövcud dövlət nəzarət üsulu mütəmadi olaraq ölkəmizə səfərlər edən müstəqil beynəlxalq ekspertlər, habelə Beynəlxalq Dəniz Təşkilatı və Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən müsbət dəyərləndirilərək alqışlanmışdır və Dövlət Dəniz Administrasiyası tərəfindən mütəmadi olaraq dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində görülmüş işlər və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması səviyyəsi barədə adıçəkilən təşkilatlara illik hesabatlar təqdim edilir. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının müvafiq Qətnaməsinə əsasən 2014-cü ildən başlayaraq həyata keçirilən üzv dövlətlərin audit yoxlaması prosesi çərçivəsində adıçəkilən təşkilatın müstəqil ekspertlərinin yaxın dövrdə növbəti, müfəssəl yoxlama missiyası ilə Respublikamıza səfəri planlaşdırılır.
Audit yoxlamasının nəticələri Beynəlxalq Dəniz Təşkilatı tərəfindən rəsmi olaraq Dövlətə təqdim olunur və audit yoxlamasının nəticələrində əsas diqqətin dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı Beynəlxalq Konvensiyalarda nəzərdə tutulmuş dövlət nəzarətinin effektiv və səmərəli həyata keçirilməsinə yönəldiyini nəzərə alsaq, hazırda formalaşdırılmış dövlət nəzarət mexanizmi audit yoxlamasından müsbət rəylə keçilərək respublikamızın dəniz nəqliyyatı sahəsində Beynəlxalq Konvensiyaların tələblərindən irəli gələn öhdəliklərinin icrasının, habelə Beynəlxalq Dəniz Təşkilatında, eləcə də beynəlxalq aləmdə dəniz nəqliyyatı sahəsində müsbət imicinin qorunub saxlanılmasının və daha da artmasının qarantı hesab edilməlidir.
- Hal-hazırda Azərbaycanın dövlət bayrağı altında üzən neçə gəmi var?
- Hal-hazırda Azərbaycanın dövlət bayrağı altında üzən 826 gəmi var. Dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından mühüm göstərici olan dəniz donanmasını təşkil edən həmin gəmilərin orta yaş həddinin daha da azaldılması başlıca hədəf kimi müəyyən olunub və ölkəmizin tranzit potensialının gücləndirilməsi məqsədi ilə donanmanın yenilənməsi və müasir tələblərə cavab verən yeni gəmilərin tikintisi daim diqqət mərkəzində saxlanılır və bu məsələyə tərəfimizdən xüsusi həssaslıqla yanaşılır.
Məlumat üçün bildirmək istərdim ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifarişi əsasında öz maddi imkanları hesabına Bakı Gəmiqayırma Zavodunda Xəzər dənizində ilk olacaq iki ədəd yeni unikal Ro-Pax tipli bərə gəmisinin inşası, eləcə də quru yük gəmilərinin, dənizdə neft və qaz əməliyyatlarının aparılmasına xidmət edən ixtisaslaşmış donanma üçün tələb olunan gəmilərin alınması nəzərdə tutulub.
Qeyd edilməlidir ki, Azərbaycanda gəmiçilik sahəsi üçün strateji əhəmiyyətə malik olan bu sifarişlər yalnız Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi üçün deyil, eyni zamanda Azərbaycanda yerli gəmiqayırma təcrübəsinin zənginləşməsi üçün də çox mühümdür.
Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə gəmiçilik sahəsində mövcud infrastrukturun təkmilləşdirilməsi, habelə regionda ən iri, müasir və güclü potensiala malik milli gəmiqayırma zavodunun tikintisi dəniz nəqliyyatı sahəsinə dövlətimiz tərəfindən göstərilən dəstəyin bariz nümunəsidir.
- Respublikamızın ərazisi üzərindən keçən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı və səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verərdiniz.
- Bildiyiniz kimi, dəniz yolları, digər nəqliyyat xətləri bəşər sivilizasiyasının tarixində həmişə çox böyük rol oynayıb, həyatın bütün sahələrinə öz mühüm təsirini daim göstərib. Şərqlə Qərbi birləşdirən tranzit qovşağı kimi əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malik olan ölkəmiz, eləcə də regionun inkişafı üçün yeni imkanların yaradılması, bu ərazilərdə yaşayan insanların rifahına töhfə verilməsi baxımından nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və etibarlılığının təmin edilməsi çox vacib bir məsələdir.
Bu gün Administrasiya tərəfindən regionun lider dövlətinə çevrilən ölkəmiz üzrə dəniz nəqliyyatı ilə daşımaların təhlükəsiz həyata keçirilməsi məqsədilə dəniz üzgüçülüyünün təhlükəsizliyinin səmərəli və effektiv təşkili, eləcə də gəmilərin limanlara girişi və çıxışı zamanı vaxt itkisinin də qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülür və həmin işlər ciddi nəzarətdə saxlanılır.
Xüsusi ilə vurğulanmalıdır ki, dəniz nəqliyyatı ilə daşımaların həyata keçirilməsi təhlükəsiz və etibarlı olmasa bu sahə əcnəbi və yerli yük sahibləri üçün heç zaman cəlbedici ola bilməz. Belə ki, qeyd edilən amil nəqliyyat dəhlizləri ilə tranzit yükdaşımalarının həyata keçirilməsində yük sahiblərinin daim xüsusi diqqət etdikləri məsələdir.
Ölkəmizin ərazisi üzərindən keçən beynəlxalq və regional nəqliyyat dəhlizləri üzrə gəmilərin hərəkətinin optimallaşdırılması, dəniz və digər nəqliyyat növləri arasında nəqliyyat qovşaqlarında yük sahibləri, operatorlar, ekspeditorlar, agentlik və digər təşkilatlarla qarşılıqlı münasibətlərin təkmilləşdirilməsi, dəniz yollarında naviqasiya təminatının yüksəldilməsi, eləcə də naviqasiya avadanlıqlarının yeni avadanlıqlarla əvəz edilməsi istiqamətində Dövlət Dəniz Administrasiyası tərəfindən müvafiq işlər görülür və demək olar ki, həmin işlər bu yaxınlarda yekunlaşdırılacaq.
Əminəm ki, Administrasiya tərəfindən, həmçinin dəniz nəqliyyatının inkişaf etdirilməsi, nəqliyyat donanmasının dünya bazarında qarşıya çıxan rəqabətin tələblərinə uyğunlaşdırılması üçün yeniləşdirilməsi istiqamətində atılan mühüm addımlar dəniz nəqliyyatı ilə daşımaların həyata keçirilməsinə öz müsbət töhfəsini verəcək.
- Dövlət Dəniz Administrasiyası tərəfindən dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən şirkətlərə, eləcə də vətəndaşlarımıza yaradılmış şərait barədə fikirləriniz maraqlı olardı.
- Qeyd etmək istərdim ki, hal-hazırda Dövlət Dəniz Administrasiyasıtərəfindən göstərilən xidmətlərin demək olar ki, hamısı elektronlaşdırılıb. Hüquqi və ya fiziki şəxslər tərəfindən Administrasiyaya ünvanlanan müraciətlər hətta qanunvericiliklə müəyyən edilmiş müddətdən də az bir zamanda əməkdaşlarımız tərəfindən ətraflı şəkildə cavablandırılır və həmin müraciətlərin böyük əksəriyyəti dərhal öz müsbət həllini tapır.
Xüsusilə bildirmək istərdim ki, Administrasiya tərəfindən daim olaraq dəniz nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən şirkətlərə qarşılaşdıqları problemlərin nəzəri və praktiki həlli yolları izah edilir və gələcəkdə bu kimi hallarla qarşılaşmamaları üçün qabaqcıl beynəlxalq təcrübə də nəzərə alınmaqla müvafiq tövsiyələr verilir.
Bununla yanaşı vurğulanmalıdır ki, dəniz nəqliyyatı müəssisələri, digər təşkilatlar, eləcə də vətəndaşlarla operativ əlaqənin daim təmin edilməsi məqsədi ilə Dövlət Dəniz Administrasiyasında həftənin yeddi günü hər gün 24 saat aktiv olmaqla “Qaynar xətt” rabitə əlaqəsi fəaliyyət göstərməkdədir, eləcə də vətəndaşlarımız Administrasiyanın rəsmi internet səhifəsində yaradılmış interaktiv sual-cavab bölməsi vasitəsilə də Administrasiyaya aidiyyəti məsələlər üzrə müraciətlər ünvanlaya bilərlər.