Bu gün Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə "Boloniya prosesi çərçivəsində seminar keçirilir. Lent.az-ın məlumatına görə, seminarın açılışında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, iki gün davam edəcək seminarın əsas məqsədi Avropa İttifaqına üzv olan ölkələrdə və Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi sahəsində aparılan siyasəti, doktorluq proqramlarının konsepsiyasını və prosedurlarını Boloniya prosesinin tələbləri baxımından müzakirə etməkdir. Onun sözlərinə görə, tədbirdə fəlsəfə doktoru proqramları üzrə təhsilin mövcud vəziyyəti, bu sahədə müxtəlif ölkələr tərəfindən qazanılan təcrübə və doktorantura təhsilinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər də müzakirə olunacaq.
Təhsil naziri qeyd edib ki, Azərbaycanda 2009-cu ildə yeni "Təhsil haqqında" qanun qəbul edilib. M. Mərdanov vurğulayıb ki, hazırda Azərbaycanda fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorantura təhsili aparılır. Onun sözlərinə görə, bu gün Azərbaycanda 1000-dən çox şəxs doktorant təhsili alır və gələcəkdə onların sayının daha da artırılması nəzərdə tutulur.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Arif Həşimov bildirib ki. doktorantura təhsili alanların əksəriyyəti gənclərdir. Onlar gələcəkdə ehtiyac duyulan sahələrin yüksək mütəxəssislərinə çevriləcəklər.