"Təhsil Nazirliyi ali təhsilin doktorantura səviyyəsi üzrə yeniliklərin tətbiqi üçün kurikulum hazırlanması üzərində iş aparır". Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Nazir vurğulayıb ki, yaxın gələcəkdə doktoranturanın kurikulumu hazır olacaq.
"Azərbaycan Boloniya prosesinə yeni qoşulduğundan hələlik doktorantura pilləsinin kurikulumu hazırlanmayıb. Bu sahədə kurikulum hazırlanması istiqamətində iş gedir. Biz addımlarımızı atırıq, bu yolda dayanmamalıyıq "- deyə, nazir əlavə edib.
O qeyd edib ki, bu sənəd hazırlanarkən beynəlxalq təcrübə, o cümlədən Avropa təcrübəsi öyrənilməlidir. Yaxın gələcəkdə Azərbaycan öz təcrübəsini və milli maraqlarını nəzərə almaqla, yeni kurikulum hazırlayacaq. Bu isə Azərbaycanın ali təhsil sistemində yenilik olacaq.