Doktorantların təqaüdləri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət
29 yanvar 2013 20:11 (UTC +04:00)

Doktorantların təqaüdləri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmlər doktoru proqramı üzrə doktorantların təqaüdləri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Bu barədəAPA-ya açıqlamasında AMEA prezidenti Mahmud Kərimov bildirib.

 

O deyib ki, elmlər doktorlarının təqaüdlərinin məbləğinin müəyyən edilməsi üçün Nazirlər Kabinetinə müraciət olunsa da, bu problem həllini tapmayıb: “Ona görə də yenidən təkliflərimizi yazıb Ədliyyə Nazirliyinə təqdim etmişik. Qanunvericilikdə elmlər doktoru proqramı üzrə təqaüdün müəyyən olunmasını istəyirik. Bu müraciət müsbət cavablansa, elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alanlar 300 manat təqaüd alacaqlar”.

 

Qeyd edək ki, AMEA elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alanların təqaüdləri ilə bağlı Nazirlər Kabinetinə ötən ilin mart ayında müraciət edib. Müraciətdə elmlər doktoru proqramı üzrə qəbul ilk dəfə həyata keçirildiyindən, bu proqram üzrə təhsil alanların təqaüdlərinin məbləğinin dəqiqləşdirilməsinə ehtiyac olduğu vurğulanıb. AMEA-nın müraciətində həmçinin elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alanlara 300 manat təqaüd verilməsi təklif edilib. Doktoranturada təhsil ötən ilin yanvar ayında başlayıb. Təqaüdün məbləği indiyədək təsdiqlənmədiyindən, elmlər doktoru proqramı üzrə təhsil alan doktorantlar bu günə qədər təqaüd ala bilməyiblər.

 

M.Kərimov həmçinin deyib ki, AMEA alimlərinin əmək haqlarının qaldırılması ilə bağlı ölkə başçısına rəsmi müraciət olmayıb: “Belə müraciət Akademiyanın aprel ayında keçiriləcək ümumi illik yığıncağında edilə bilər. AMEA-nın ayrı-ayrı alimlərinin belə fərdi müraciətləri olub. Bu, onların konstitusion hüququdur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 919
avatar

Oxşar yazılar