Təhsil Nazirliyi Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, zəruri pedaqoji və psixoloji bilikləri olan, strateji düşüncə tərzi sərgiləyən ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorları yetişdirməkdir.
İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək. Təlimlər 2014-cü ilin 21 yanvar – 21 aprel (3 ay) tarixlərini əhatə edəcək. Dərslər gündə 3 saat (həftəlik 15 saat) olmaqla, həftənin 5 günü təşkil ediləcək.
İştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısa müddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə müzakirələr də təşkil ediləcək.
Müsabiqədə iştirak etmək istəyənlərdən ali pedaqoji təhsil və beş il pedaqoji iş təcrübəsi tələb olunur. Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ 1) dolduraraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Müraciət üçün son tarix: 15 dekabr 2013-cü ildir.
Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına () göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur.
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş və hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunacaq, gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar isə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.
Qeyd edək ki, daha ətraflı məlumat nazirliyin rəsmi saytında yerləşdirilib.