Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə keçirilən “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusundakı silsilə seminar-treninqlər davam edir. DQİDK-dən Lent.az-a verilən məlumata görə, seminarlarlar Azərbaycan dini tolerantlıq ənənələrinin tərənnümü məqsədilə həyata keçirilir. Milli Tolerantlıq Mərkəzinin layihəsi çərçivəsində Sumqayıtda keçirilən növbəti seminar treninqdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və ziyalılar iştirak ediblər.
Milli Tolerantlıq Mərkəzinin icraçı direktoru Elmin Əliyev Azərbaycandakı dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları haqda danışaraq bildirmişdir ki, qeyd olunan mövzularda müzakirələrin aparıldığı seminar-treninqlərə Dövlət Komitəsi tərəfindən dəstək verilməsi bu sahəyə olan diqqətin nümunəsidir.
DQİDK-nin şöbə müdiri Niyaz Yaqublu isə qeyri-ənənvi, radikal cərəyanların zərərli təsirləri, onlara qarşı mübarizə metodlarından danışıb: "Son vaxtlarda xüsusilə yaxın şərqdə baş verən proseslərin fonunda Azərbaycanda radikal qrupların fəaliyyətində aktivlik müşahidə olunub. Lakin Dövlət Komitəsinin istər maarifləndirmə sahəsində, istərsə də güc strukturları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu cəhdlərin qarşısı yerindəcə alınıb. Bu tədbirlərin davam etdiriləcəyini diqqətə çatdıran DQİDK nümayəndəsi onu da əlavə edib ki, ölkəmizdəki tolerant mühitə zərbə vurmağa cəhd edən istənilən qrup və ya şəxslərə qarşı qəti və konkret addımlar atılacaq".
Digər çıxışlarda düzgün dini maarifləndirmənin gücləndirilməsi, dini icmaların bu istiqamətdə birgə səylərini artırması xüsusilə qeyd olunub. Vurğulanıb ki, dünyaya örnək olan biləcək Azərbaycanın tolerantlıq modeli təbliğ edilməli və bu istiqamətdə tədbirlər gücəndirilməlidir.