Dövlət qurumu bu şəxslərə XƏBƏRDARLIQ etdi: bunları almayın, saxtadır
27 mart 2018 15:49 (UTC +04:00)

Dövlət qurumu bu şəxslərə XƏBƏRDARLIQ etdi: bunları almayın, saxtadır

Piratçılıqla məşğul olan müəyyən şəxslər Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan “Abituriyent” jurnalı nəşrlərinin yüksək çap reytinqindən sui-istifadə edərək onları qeyri-qanuni yolla çap etdirib ölkənin müxtəlif bölgələrində satışını təşkil edirlər. DİM-dən Lent.az-a verilən məlumata görə. indiyədək qeyri-qanuni (pirat) nəşrlərin satışının qarşısının alınmasında Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Müəllif hüquqları Agentliyinin əməkdaşları ilə birgə çoxlu sayda operativ tədbirlər həyata keçirilsə də, təəssüf ki, belə nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb. 

 

Bu yaxınlarda Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Caspi LTD” adı altında fəaliyyət göstərən MMC ilə “Hazar İhracat İthalat” AŞ arasında bağlanmış müqavilə əsasında həmin MMC-nin adına gətirilən, hüquqları “Abituriyent” jurnalı redaksiyasına məxsus olan müxtəlif fənlər üzrə 45 minə yaxın test tapşırıqları kitabları saxlanılıb və ölkəyə bu kitabların qeyri-qanuni yolla idxalının qarşısı alınıb.

 

“Caspi LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti bu kitabların çapı və ölkəyə gətirilməsi ilə bağlı “Abituriyent” Jurnalı Redaksiyası ilə heç bir müqavilə bağlamayıb. Yuxarıda göstərilən kitablar Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsi tərəfindən saxlanılmış və bu barədə Dövlət İmtahan Mərkəzinə məlumat verilib. “Caspi LTD” adı altında fəaliyyət göstərən MMC tərəfindən Türkiyədən idxal edilən test tapşırıqları və abituriyentlər üçün digər vəsait kitabları barəsində Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi tərəfindən 21.02.2018-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci və 482.3-cü maddəsi ilə inzibati iş açılıb. Kitablardan götürülmüş nümunələr ekspertiza aparılıb rəy alınması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən, təqdim edilən kitablar pirat və kontrafakt məhsullar olduğu müəyyən edildiyi üçün işin materialları aidiyyatı üzrə baxılması üçün Kəpəz rayon Məhkəməsinə göndərilib. Bu gün Kəpəz Rayon Məhkəməsində qeyd olunan inzibati pozuntuya baxılacaq.

 

Xatırladaq ki, qeyri-qanuni (pirat) nüsxələrin müqayisəsi zamanı əsl (orijinal) nüsxə ilə xeyli sayda uyğunsuzluqlar olduğu aşkar edilib. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq: Əsl (orijinal) nüsxələrin  titul vərəqində (birinci səhifədə) gizlədilmiş xüsusi simvollar pirat nüsxələrdə görünmür. Pirat nüsxələrin yan, arxa üzlüyündə və titul vərəqində olan sözlərdə bir neçə yerdə “ə” hərfi əvəzinə “e” hərfi yazılıb. Həmçinin digər orfoqrafik səhvlərə yol verilib.

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi Azərbaycan bölməsi üçün fənlər və siniflər üzrə bu seriyadan olan 41 adda test kitabı nəşr etdirib. Bu kitablara oxucu tələbatı yüksək olduğundan, bir neçə fənn və siniflər üzrə belə qeyri-qanuni (pirat) nəşrlərin çapı, yayılması və satışı ehtimal olunur.

 

İndiyə qədər dəfələrlə ölkə ərazisində Dövlət İmtahan Mərkəzi və “Abituriyent” Jurnalı Redaksiyasının hüquq sahibi olduğu kitabların pirat nüsxələri ayrı-ayrı satış obyektlərində aşkar edilib. Bu hallar həmin pirat nüsxələrin xaricdə çap edilərək ölkə ərazisinə gətirildiyini ehtimal etməyə əsas verib.

 

Bildiririk ki, DİM-in mətbuat orqanı olan “Abituriyent” jurnalının bütün məhsulları ölkə daxilində çap edilir və Mərkəzin nəşrləri adı ilə ölkə xaricindən Azərbaycana gətirilən kitabların hamısı qeyri-qanuni (pirat) nəşrlərdir. Bu tip çap məhsullarının ekspertizası onlarda xeyli sayda elmi, texniki, poliqrafik, gigiyenik və digər qüsur və zərərli cəhətlərin olduğunu göstərir. Digər tərəfdən qeyri-qanuni (pirat) nəşrlərin satışından vergilər ödənilmədiyindən Dövlət büdcəsinə də ziyan  dəyir. Müəyyən işbaz qüvvələr nəşrlərimizə oxucu tələbatının yüksək reytinqindən sui-istifadə edərək onları qeyri-qanuni yolla çap etdirib ölkənin müxtəlif bölgələrində satışını təşkil edir, nəticə etibarı ilə jurnalın redaksiyasının maliyyə vəziyyətinə də külli miqdarda ziyan vururlar.

 

Bütün bunları nəzərə alaraq Dövlət imtahan Mərkəzi “Caspi LTD” adı altında fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqları “Abituriyent” Jurnalı Redaksiyasına məxsus  kitabların pirat nüsxələrini ölkəyə idxal etməsi və qeyri-qanuni  satışını həyata keçirməsi nəticəsində  vurduğu zərərin əvəzinin ödənilməsi, ölkəyə idxal etdiyi kitabların aşkar edilmiş pirat nüsxələrinin məhv edilməsi və kitabların pirat nüsxələrinin satışının qadağan edilməsi barədə qətnamə qəbul edilməsi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edib.  Məhkəmənin ilk – hazırlıq iclası martın 28-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar