Deputatlar İlham Əliyevə əfv imzalaması üçün müraciət etdilər
17 dekabr 2013 12:40 (UTC +04:00)

Deputatlar İlham Əliyevə əfv imzalaması üçün müraciət etdilər

Bu gün Milli Məclisin növbəti sessiyasıdır.

Lent.az-ın məlumatına görə, sessiyada 94 deputat iştirak edir. İclasın gündəliyinə 14 qanun layihəsi daxildir.

Sessiyanı açan spiker Oqtay Əsədov bu gün “Şahdəniz-2” qaz yatağının istismarı ilə bağlı müqavilənin imzalanması münasibətilə deputatları təbrik edib.

Çıxış edən deputat Əli Məsimov “Şahdəniz-2” yatağının istismarı ilə bağlı müqavilənin 21-ci əsrin müqaviləsi olduğunu deyib. Onun sözlərinə görə, BTC 20-ci əsrin müqaviləsi idisə, “Şahdəniz-2” 21-ci əsrin layihəsidir.

Deputat Fazil Mustafa çıxışında Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi barədə imzalanan prezident sərəncamının yüksək qiymətləndirildiyini bildirib. O deyib ki, Mustafa Sübhi küçəsinin adının dəyişdirilməsi ilə bağlı məqam da göstərdi ki, ölkə prezidentinə mütərəqqi layihələr təklif edildikdə, bunlara dərhal müsbət reaksiya verir.
Deputat ölkə prezidentinə müraciət edərək, Bakının rus qoşunlarından azad edilməsində iştirak edən Nuru paşanın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı sərəncam verilməsini xahiş edib. O bildirib ki, ölkədəki hərbi məktəblərdən birinə Nuru paşanın adının verilməsi mütərəqqi addım olar. Deputat Milli Məclis rəhbərliyinə də təklif edib ki, M.Ə.Rəsulzadənin yubileyi ilə bağlı parlamentdə elmi konfrans keçirilsin.

BAXCP sədri Qüdrət Həsənquliyev isə təklif edib ki, “Sahil” bağına M.Ə.Rəsulzadənin yubileyi ilə bağlı “Cumhurriyət bağı” adı verilsin. O, eyni zamanda, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hökumətin geniş əfv imzalamasını və həbsdə olan siyasi məhbusların azad edilməsini xahiş edib.


Deputat Zahid Oruc isə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfərinə toxunub. O bildirib ki, bu səfərin Qarabağa daxil olan iki rayonun qaytarılması və s. adı altında legitimləşdirilməsi yolverilməzdir: “Mən o zaman da demişdim ki, əgər Türkiyə ilə Ermənistan arasında hansısa protokol imzalanırsa, ondan öncə bu protokol Azərbaycanla imzalanmalı idi. Düşünürəm ki, Türkiyə bu məsələ ilə bağlı Azərbaycana izahat verməlidir”.

Qənirə Paşayeva isə təklif edib ki, AXC-nin baş nazirlərindən olan Nəsib bəy Yusifbəyliyə Bakıda və ya Gəncədə abidə ucaldılsın və onun qəbrinin harada olması ilə bağlı araşdırma aparılsın. Deputat digər həmkarları Q.Həsənquliyev və F.Mustafanın də təkliflərini dəstəklədiyini bəyan edib.

Deputat Vahid Əhmədov da çıxışında “Şahdəniz-2” qaz yatağının Azərbaycana verəcəyi xeyirlərdən danışıb və layihənin kifayət qədər uğurlu olduğunu bildirib.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə ölkədə insan haqlarının vəziyyətindən danışıb. Deputat deyib ki, bütün ölkə boyu siyasi məhbus kateqoriyasına aid şəxslərin məhkəməsi gedir: “Hər gün bu cür məhkəmə proseslərində siyasi motivlər səsləndirilir. Bu gün İlqar Məmmədov, Tofiq Yaqublu, onlarla birgə həbs olunan 18 nəfər şəxs, həmçinin, digər siyasi məhbusların həbsi bizi narahat edir. Dünən də seçki monitorinq mərkəzinin rəhbəri Anar Məmmədlini qanunsuz olaraq həbs ediblər”.

Deputat təklif edib ki, prezident İlham Əliyev tərəfindən Dünya Azərbaycanlıların Həmrəyliyi günündə amnistiya verilsin və bu şəxslərin hər biri azadlığa buraxılsın: “Cənab prezidentin jurnalistlərlə görüşündə dediyi “ölkə problemləri ölkə daxilində həll edilsin” fikirləri müxalifət tərəfindən də müsbət qarşılandı və hesab edirəm ki, imzalanacaq bir əfvlə ölkədə barış ortamını yaratmaq olar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978
avatar

Anar Gəraylı

Oxşar yazılar