Dəmiryolçular seçkilərdə prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər
Heydər Əliyevin 90 illik yubileyi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində qeyd olunub.
Cəmiyyətinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də təntənəli mərasim keçirilib.
Təntənəli yığıncaq Cəmiyyətin foyesində təşkil olunmuş Heydər Əliyev foto-sərgisinə baxışla başlayıb. Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov deyib ki, Cəmiyyətin bütün təşkilat və müəssisələrində yubiley tədbirləri keçirilib. Aprelin 22-də Xaçmaz, 24-də Şirvan, 26-da isə Gəncə dəmir yolu qovşaqlarına təşviqat qatarı göndərilib, “Azərbaycan dəmiryolçusu” qəzetinin Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi sayı çap olunub, Mətbuat Katibliyi tərəfindən “Heydər Əliyev dövründə dəmir yolunun inkişafı” adlı sənədli film hazırlanıb.
Sədr bildirib ki, Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırda prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır.
Sonra YAP-ın «ADY» QSC-dəki ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov, “Azərbaycan dəmiryolçusu” qəzetinin redaktoru Vasif Süleyman, redaktor müavini Gülnaz Əliyeva, müxbirlər Nərgiz Əliyeva, Ziya Zakiroğlu və Xarici əlaqələr şöbəsinin mütəxəssisi Şahəstə Mustafayeva çıxış ediblər. Çıxışçılar seçkilərdə prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini vurğulayıblar.