Azərbaycanda daha 4 məktəb buraxılış imtahanlarından azad olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, buraxılış imtahanlarından azad olunan məktəblərin sayı 10-dan 14-ə çatıb.
Belə ki, Gəncədəki 4 nömrəli internat əsas məktəbi (vərəmə meylli uşaqlar üçün), Gəncə şəhər 45 nömrəli yardımçı məktəb, Bakının Xəzər rayonu Uşaq sanatoriyası nəzdindəki Gindes adına orta məktəb, Xəzər rayonundakı Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş üşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbi də buraxılış imtahanlarından azad olunub.
TQDK-nın dünən açıqladığı siyahıya görə isə, Bakının Xəzər rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi, Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi (lal və kar uşaqlar üçün) Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi, Xəzər rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbi, Nərimanov rayonunda 116 nömrəli korlar və zəif görən uşaqlar üçün orta məktəb, Səbail rayonunda 87 nömrəli orta məktəb, Suraxanı rayonunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi, Sumqayıt şəhərində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbi, Sumqayıt şəhər evdə fərdi təhsil məktəbi, Lənkəran şəhər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbi buraxılış imtahanlarından azad olunub.
İyunun 10-na olan məlumata əsasən, 2012/2013-cü tədris ilində rayon (şəhər) təhsil şöbələri nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaları tərəfindən tam və ümumi orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından azad edilmiş sağlamlıq imkanları məhdud olan şagirdlərin sayı 1005 nəfərdir.