Dağçılıq idman veteranlarından sərt bəyanat
15 may 2013 18:32 (UTC +04:00)

Dağçılıq idman veteranlarından sərt bəyanat

“Alpinizm Federasiyasını ələ keçirənlər dağçılıq idmanının inkişafına böyük bir maneədirlər”

 

 

Dağçılıq idman veteranları Alpinizm Federasiyası ilə bağlı bəyanat veriblər.

 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bəyanatda qeyd edilir ki, Alpinizm Federasiyası adını özəlləşdirməyə cəhd edən, lakin özünü cəmiyyətdən izolyasiya edən şəxslərin açıqlamaları idmanın, xüsusilə də öz spesifikliyi ilə fərqlənən dağçılıq idmanının inkişafına böyük bir maneədir.

 

Bəyanat müəllifləri vurğulayıblar ki, FAİREX 2006-cı ildən dağçılıqla bağlı bütün respublika yarışlarını təşkil edərək keçirməyə başlayıb: “Bu gün üçün müstəqil Azərbaycanda 6 qayayadırmanma, 5 buzadırmanma üzrə ölkə çempionatları keçirilib ki, bunların da hamısını FAİREX təşkil edib. Elə isə soruşmaq istəyirik, bu yarışları keçirməyə sizlərə nə mane olurdu? Mursaqulov Alpinizm Federasiyasının bütün əmlakını satdı qurtardı. Aşurlu isə özünə yaradılan biznes imkanlarının ödənci kimi bizi aparıb başqa bir ölkəyə yamaq etmək istəyir. Belə qısa zamanda nail olunan irəliləyişlərə, gördüyü inanılmaz uğurlara ölkəmizə gələrkən  Beynəlxalq İdman Dırmanma Federasiyasının (İFSC) vitse-prezidenti Helmut Knabl da təəccüblənib və buna görə də 2013-cü ilin iyununda İdman dırmanması üzrə Dünya Kuboku Yarışlarının Bakıda keçirilməsini təklif edib”.

 

Bəyanat müəllifləri qeyd edirlər ki, bütün veteran dağçılar yaxşı bilir ki, bu qrupun acgözlüyü və öz aralarındakı intriqaların ucbatından yüzlərlə idmançı dağ idmanından kənarda qalıb: “İş o yerə çatmışdı ki, Mursaqulov mövcud olan yeganə yarı diri, yarı ölü klubdan ayrı-ayrı dövlət orqanlarından vəsait qoparmaq üçün istifadə edirdi. İşlərini guya canlandırmaq üçün və əslində FAİREX-in fəaliyyətindən narahat olub 20 iştirakçı ilə saxta bir seçki keçirirlər. FAİREX hər kəsin istədiyi idman növü ilə məşğul olmağa, istədiyi təşkilatda birləşməyə hüququ olduğunu hesab edərək bunları təbrik edir, əməkdaşlıq təklif edir, anlaşılmazlıqları aradan qaldırmaq üçün Koordinasıya Şurası yaratmağı təklif edir və belə bir Şura yaradılır. Onlar isə ilk gündən Şuranın işini pozur, milli yarışlara qatılmır, adi oğru kimi idmançılarımızı oğurlamaqla məşğul olur. Bizim  Qusardan olan idmançılarımızı nə federasiyamızın, nə də müvafiq klubun xəbəri olmadan nə məqsədlə aldadıb, nələr isə vəd edib Dağıstana aparırsız? Başa düşmürlər ki, bunlar belə işlərlə məşğul olduğu zaman FAİREX ölkədə minlərlə idmançı yetişdirirdi. Onlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycan dilində danışır, bu ölkəni Ana Vətənləri olduğu üçün sevir. Daha bunlar kimi özlərini hansısa başqa ölkənin nümayəndəsinin əlaltısı kimi aparmır”.

 

İdman veteranları bildirirlər ki, idman siyasətinə cavabdeh olan Gənclər və İdman Nazirliyi də bir gün bu vəziyyəti təhlil edib, müvafiq qərar verməli idi: “Buna müvafiq qərar da ölkə idmançılarının 98 faizini əhatə edən mövcud dağçıların qanun-qayda ilə seçilmiş nümayəndələrinin qərarı ilə tamamilə qanuni şəkildə qəbul olunub. Kim FAİREX-i Gənclər və İdman Nazirliyinin vəsaitlərini özünə yönəltməkdə ittiham edir?  O Mursaqulov ki, Gənclər və İdman Nazirliyindən 20-30 idmançı ilə Heydər zirvəsinə qalxmaq üçün bir neçə on min manat vəsait tələb edir. Halbuki FAİREX 400-ə yaxın idmançının “Heydər zirvəsi”nə yürüşünü təşkil edib, 3200 metr yüksəklikdə baza-düşərgə yaradıb, 10 gündən çox müddətdə bu düşərgəni saxlayıb, mayın 10-da isə sürətlə dağadırmanma üzrə ilk Azərbaycan çempionatını təşkil edib və bütün bu işlər üçün heç yerdən qara qəpik də almayıb. Bu bir qrup şəxsə dağçılıq idmanı, onun inkişafı lazım deyil. Əgər lazım olsaydı,  rəhbərlik etdikləri idmançılara mayın 3-dən 10-dək keçirilən mötəbər bir dağ yürüşündə iştirak etmək üçün müraciət edib, icazə, maliyyə dəstəyi alandan sonra onu boykot etməzdi. Səbəbsiz yerə indiyə kimi haray salınırdı ki, guya bu qrupu dağlara buraxmırlar. Necə olur ki, bir klubun 20 nümayəndəsinin iştirakı ilə toplantı keçirib Alpinizm Federasiyasını ələ keçirirlər, hətta FAİREX-in qonaq kimi iştirak edən nümayəndəsinə mandat verərək səsvermədə iştirak etdirirlər. Gənclər və İdman Nazirliyi buna etiraz etmədiyi üçün bu qanuni sayılır, yüzlərlə dağçının, o cümlədən bunların bir çox fəallarının iştirakı ilə həmin Gənclər və İdman Nazirliyində keçirilən toplantıda əleyhinə bir nəfər də çıxış etməyən vahid milli dağçılıq təşkilatı barədə qərar qəbul olunur və bu qanunsuz olur? Azərbaycan Alpinizm təşkilatını ələ keçirənlər, onun malını-mülkünü satıb talayanlar, Azərbaycan bayrağını ayrı-ayrı ölkələrin oyunlarında oyuncağa çevirən kiçik bir qrup məqsədli, şüurlu surətdə provakasiyalarla məşğul olur”. 

 

Qeyd edək ki, bəyanatada dağçılıq idman veteranları - SSRİ idman ustalığına namizəd,  əməkdar məşqçi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti, əməkdar müəllim Valeri Bağırov, dağ idman növləri üzrə SSRİ idman ustası, Aviasiya Akademiyasının baş müəllimi Nizami Mursakulov, veteran-dağçı, bələdçi Mövlud Əzizov və veteran-dağçı, bələdçi İlqar İsrafilov imza atıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842
avatar

Oxşar yazılar