Dağ çaylarında aparılan ölçmələrin nəticələri açıqlandı
29 iyul 2013 10:31 (UTC +04:00)

Dağ çaylarında aparılan ölçmələrin nəticələri açıqlandı

 

 

 

Yay dövründə çaylardan keçən daşqın və sel izlərinə görə maksimal su sərflərini təyin etmək üçün aparılan ölçmə işlərinin nəticələri açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən ilkin mərhələdə ölçmə işləri iyulun 15-dən 19-dək Kiçik Qafqazın Gorançay, Kürəkçay, Gəncəçay, Qoşqarçay, Şəmkirçay və Böyük Qafqazın Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay, Şinçay çaylarında aparılıb. Ölçü işlərinin əsas məqsədi bu ilin gursululuq dövrünün may və iyun aylarında yağan intensiv leysan yağışları nəticəsində çaylardan keçən daşqın və selin izlərinə görə maksimal su sərflərini təyin etmək olub. Ölçü işləri zamanı hər bir çayın en kəsiyinin profili çıxarılıb, en kəsiyinin sahəsi, məcranın eni, orta dərinlik, orta maillik və orta sürət təyin edilib.


Hesablamalara əsasən, Kiçik Qafqazın çaylarında ən maksimal su sərfi Gəncəçayda (20,3 m3/s) olub ki, bu da keçən illə müqayisədə bir qədər azdır. 1928-ci ildən aparılan müşahidə dövrü ərzində ən yüksək su sərfi 11 iyul 1965-ci il tarixində olub.

 
Qoşqarçayda maksimal su sərfi 25,2 m3/s olub ki, bu da keçən il ilə müqayisədə azdır. Müşahidə dövrü ərzində ən yüksək su sərfi 5 iyun 1973-cü il tarixdə 152 m3/s olub.


Böyük Qafqazın çaylarında ən maksimal su sərfləri Şinçayda (215 m3/s) qeydə alınıb ki, bu da keçən illə müqayisədə bir qədər çoxdur. 1934-cü ildən aparılan müşahidə dövrü ərzində ən yüksək su sərfi 16 iyul 1973-cü il tarixində 279 m3/s olub. Kişçayda maksimal su sərfi 236 m3/s olub ki, bu da keçən il ilə müqayisədə çoxdur.

 

İkinci mərhələdə növbəti ölçü işlərinin iyul ayının 29-dan avqust ayının 2-dək Böyük Qafqazın Qəbələ-İsmayıllı bölgəsinin (Tikanlıçay, Türyançay, Göyçay, Dəmiraparançay, Girdimançay, Ağsuçay), Quba-Qusar bölgəsinin (Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Cağacuqçay, Ağcay) çaylarında aparılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488
avatar

Oxşar yazılar