Sözümün canını əvvəldən deyim ki, ürəyimdə qalmasın: Zəmanə pisdir deyənlər, zəmanə pis-zad deyil, siz iyrəncsiniz!
Və indi keçim zəmanənin pis olduğunu iddia edənlərin kimliyinə. Bir müddət əvvəl Günel Mövludun “Ayıb deyil?” adlı bir yazısını oxudum. Xanım xəstəxanada gördüyü bir vəziyyəti təsvir etmişdi: həkimə gəlmiş gənc gəlinin yanında ana, qayınana, baldız və qayından ibarət bir heyət. Həkimin suallarına gəlinin əvəzindən böyüklər cavab verir, onun keçməli olduğu ən adi prosedurları böyüklər icra edirlər. Heç birimizə yad olmayan bir mənzərə. Yazar gənc qızlara inamsızlıq dərəcəsində göstərilən bu ifrat qayğının fəsadlarından danışırdı.
Məni yazıya verilən rəylər dəhşətə gətirdi...
...Qızının-qadınının küçə-bayıra tək çıxmamalı olduğunu, mentalitetin, müsəlmanlığın belə tələb etdiyini iddia edən azərbaycanlı kişi rəy yazır: “Admin, az bu fahişədən istifadə et, like yığ” və yaxud “Get .... burdan”, “Az, p.. ye” və demək olar ki, orada yazıya müsbət fikir bildirən bütün qadınlara cavab verən kişi rəyləri bu not və leksikologiya ilə davam edir. Öz qızını, qadınını, anasını, bacısını küçəyə tək buraxmayan azərbaycanlı kişi başqasının qızı, qadını, anası, bacısı yanında və ona qarşı ağzına gələni yazır, danışır.
Namusunu qorumaq istəyən ata, qardaş, ər cibində hər ehtimala qarşı bıçaq gəzdirir. Bu bıçaq bir gün uşaqlarının yanında onun sözünü eşitməyən arvadının qarnına girir, başqa bir gün yoldaşının, sevgilisinin, küçədə sürücünün, kafedə qonşu stolda oturanın... və beləcə davam edir.
Hamının qorxusu da zəmanənin pisliyidir. Zəmanənin pis olduğunu düşünüb cibində bıçaq gəzdirən “namus keşikçisi” azərbaycanlı kişi qarşısıalınmaz bir canavara dönüb.
Səbəbləri təbii ki, araşdırılıb tapıla bilərdi. Əgər bizdə müharibədən sonrakı milli psixologiyanı araşdıran institutlar olsaydı. Məğlub ölkənin kişilərində bu qeyrət ünsürlərinin necə meydana çıxdığı araşdırılardı, illər uzunu qan ağlayıb televiziya və mediada cəsədlər göstərdiyimiz bu uşaqların qana həris böyüdükləri öyrənilərdi, analarının pul verib əsgərlikdən yayındırdıqları oğulların cibində bıçaqla gəzmə səbəbləri aydınlaşdırılardı... Və bəlkə də çarə tapılardı.
Hələlik əmin olduğum bir şey var var: Qızınızı döyməyin. Çünki siz onu döydükcə, oğlunuz elə bilir ki, başqasının qızı özünü düzlərə qoyub. Necə ki, itaətkar qadının əri azad qadını fahişə kimi görür. Ya da döyürsünüzsə, oğlunuzu da döyün. Yoxsa, ömrünüz həbsxanaya yemək-dəyişək daşımaqla keçəcək.