Dünyanı bürüyən PUA MÜHARİBƏLƏRİ:  Azərbaycanın təcrübəsi hələ uzun illər öyrəniləcək
09 aprel 2026 13:53 (UTC +04:00)

Dünyanı bürüyən PUA MÜHARİBƏLƏRİ: Azərbaycanın təcrübəsi hələ uzun illər öyrəniləcək

0

İkinci Qarabağ müharibəsindən sonra dünyanın bir çox ölkəsi hərbi strategiyasını yenidən nəzərdən keçirməyə başladı. Buna səbəb Azərbaycan Ordusunun müharibədə ilk dəfə geniş miqyasda pilotsuz uçuş aparatlarından (PUA), idarəolunan raketlərdən istifadə etməsi oldu.

Azərbaycanın istifadə etdiyi Türkiyə istehsalı “Bayraktar” zərbə PUA-sı, İsrail istehsalı “Harop” kamikadze dronu, habelə “Spayk” tankəleyhinə daşınabilən raket kompleksi döyüşlərdə ağır texnikanın, xüsusilə manevr qabiliyyəti mürəkkəb olan tankların effektivliyini sual altında qoydu. 

Belə ki, Azərbaycan süni intellektli silahların vasitəsilə Ermənistanın ağır hərbi texnikaları və tankları məhv edildi. Bu, dünya hərb tarixində bir ilk idi. Bütün dünya mediası Azərbaycanın apardığı uğurlu hərbi əməliyyatların görüntülərini heyranlıqla paylaşırdı.

Azərbaycan müharibədə, hərbi dronları geniş miqyasda ilk tətbiq edən ölkə olmaqla yanaşı müasir dövrdə müharibələrin taktika və strategiyasını müəyyənləşdirməyin təcrübəsini ortaya qoydu. Təbii ki, bütün bunlar dünyanın bir çox ölkəsinə öz hərbi strategiyasını yenidən nəzərdən keçirməyə əsas verdi. 

Bunun ardınca Rusiya-Ukrayna müharibəsində, sonradan isə ABŞ/İsrail-İran müharibəsində PUA-lardan geniş istifadə olunmağa başladı. 

İran-ABŞ/İsrail qarşıdurması və Rusiya-Ukrayna müharibəsi göstərir ki, texnologiyaya əsaslanan silahlar, xüsusilə pilotsuz sistemlər artıq döyüşlərin əsasını təşkil edir.  Azərbaycan hərbi dronlardan genişmiqyaslı istifadə edən ilk ölkələrdən biri kimi müasir müharibə taktika və strategiyalarına ciddi təsir göstərib.

Bununla yanaşı Azərbaycan təkcə dronları zərbə vasitəsi kimi istifadə etməyib, həm də müxtəlif təyinatlı PUA-ların inteqrasiyasını təşkil edərək vahid sistem yaradıb.

Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu da bizimlə eyni fikirdədir. 

Bu barədə Lent.az-a danışan deputat bildirib ki, Azərbaycanın təcrübəsi hələ çox öyrəniləcək:

“Regionda və dünyada baş verən müharibələr kontekstində ortaya çıxan yeni həqiqət ondan ibarətdir ki, bu gün böyük müharibələrin taleyini kiçik dronlar, pilotsuz uçuş aparatları, onların silahlı, silahsız və kamikadze formaları təyin edir. Bu, həm yeni hərbi texnologiyaların, aparılan müharibələrin maliyyə həcmini azaldır, həm də çox bahalı raketlər və hava hücumundan müdafiə sistemlərinin o qədər də effektiv hərbi vasitə olmadığını göstərir.

Azərbaycan 2020-ci ildə 44 gün müharibə apardı və orada ən müasir texnologiyalar, o cümlədən PUA-lardan maksimum effektiv istifadə etdi. Çünki Azərbaycan bunlar arasında koordinasiya qurmağı bacarmışdı. Amma 6 il keçməsinə baxmayaraq nə Şərqi Avropa, nə də Yaxın Şərq cəbhəsində müharibə aparan tərəflərdən heç birinin yeni vasitələrdən Azərbaycan qədər səmərəli istifadə etdiyini görmürük. Burada həm peşəkarlıq, həm də sistemli koordinasiya qurma bacarığı lazımdır. XXI əsr müharibələrində ən yeni texnologiyaların tətbiqi baxımından Azərbaycan təcrübəsi öyrənilməlidir. İndiyə qədər heç bir ölkədə bu texnologiyalar Azərbaycan qədər səmərəli tətbiq edilməyib. 

Müharibədən ötən 6 il ərzində Azərbaycan daha yeni texnologiyalar mənimsəməklə öz hərbi arsenalını və yeni döyüş texnologiyalarını təkmilləşdirib. Bu isə Azərbaycanın özünəməxsus hərbi strategiya yaratdığının nümunəsidir ki, yeni yaradılan bu güc nümunəsi də texnoloji vasitələrə söykənməklə həm də sülhün təminatçısı kimi çıxış edir”.

Azərbaycanın yaratdığı nümunə isə hələ uzun illər öyrəniləcək!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar