Çexiyada “Azərbaycan foto-kameranın gözü” ilə göründü
24 mart 2015 10:18 (UTC +04:00)

Çexiyada “Azərbaycan foto-kameranın gözü” ilə göründü

 

 

Dünən Azərbaycan-Avropa Cəmiyyətinin (TEAS) təşkilatçılığı, Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin himayəsi altında və Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin iştirakı və dəstəyi ilə Praqada "Azərbaycan foto-kameranın gözü ilə" adlı sərginin təntənəli açılış mərasimi keçirilib.

 

Lent.az-ın məlumatına görə, açılış mərasimində Azərbaycan Respublikasının Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev, Çexiya Parlamentinin Deputatlar Palatasının sədr müavini Voytex Filip, Avropa Parlamentinin Çexiyadan olan üzvü Yan Zahradil və Azərbaycan-Avropa Cəmiyyətinin direktoru Lionel Zetter çıxış edərək, iki ölkə arasındakı mövcud münasibətlərin müxtəlif aspektləri, o cümlədən mədəni əlaqələrin inkişaf etdirilməsindən məmnunluq ifadə edib.

 

Tədbirdə Çexiya Respublikasının müxtəlif dövlət qurumlarının nümayəndələri, habelə Çexiyada akreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, çex ictimaiyyətinin və Azərbaycan icmasının nümayəndələri iştirak edib.

 

Tədbirin rəsmi çıxışlar bölməsi bitdikdən sonra Azərbaycan-Avropa Cəmiyyətinin Mədəniyyət Məsələləri Şurasının üzvü, tanınmış skripka ifaçısı Sabina Rakçeyevanın ifasında Azərbaycan və dünya klassik əsərlərindən ibarət musiqi parçaları canlı ifa edilib. Eyni zamanda, tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.

 

Sərginin keçirildiyi zallarda Azərbaycanın zəngin mədəniyyəti, insanların həyat tərzini nümayiş etdirən müxtəlif foto-şəkillər tədbirə gələn qonaqların böyük marağına səbəb olub.

 

Sərgiyə gələn iştirakçılara Azərbaycan haqqında müxtəlif nəşrlər, məlumat kitabçaları və broşürlər təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Oxşar yazılar