“Buraxılış imtahanlarında iştirak edən cari ilin məzunlarının gender tərkibinə nəzər saldıqda görürük ki, 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.67 %-ni (60042 nəfər) oğlanlar, 46.33 %-ni (51826 nəfər) qızlar təşkil edib”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, 11-ci siniflər üzrə buraxılış imtahanında da mənzərə demək olar ki, dəyişməyib və imtahanda iştirak edən şagirdlərin 55.96 %-ni (46501 nəfər) oğlanlar, 44.04 %-ni (36592 nəfər) qızlar təşkil edib. “Göründüyü kimi, hər iki imtahanda oğlan və qız şagirdlərin nisbəti bir-birinə yaxındır. Lakin ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur. Məsələn, cənub rayonlarında (Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayonları) 9-cu sinif şagirdlərinin
47.73 faizini qızlar təşkil edibsə, 11-ci sinif şagirdləri arasında bu göstərici 39.04 faizə bərabər olub. Göründüyü kimi, 11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb. Düşünürük ki, cənub rayonlarında qızların sayının azalmasının əsas səbəbi bu region üçün xarakterik olan erkən nikah məsələsi ilə bağlıdır”.
M. Abbaszadə onu da əlavə edib ki, həm 9-cu sinifdə, həm də 11-ci sinifdə qızların qabiliyyət göstəriciləri daha yüksək olub. “Bu tendensiya özünü ali təhsil müəssisələrinə qəbul imtahanlarında da göstərir”.