Lent.az-da yeni layihə!
Lent.az yeni layihəyə başlayır. “Tamaşa dünya” adlanan bu layihədə Azərbaycanın və dünyanın müxtəlif yerlərindən fotoreportajlar təqdim edəcəyik. Layihəni tanınmış fotoreportyor Abbas Atilay aparır. İlk reportajımız Azərbaycanın səfalı yerlərindən olan Qusar rayonundandır...
Azərbaycanda elə kəndlər, elə görməli yerlər, sivilizasiyanı o qədər də yaxına buraxmayan yerlər var ki, nəinki paytaxtda yaşayanların, hətta o bölgənin insanlarının da çox vaxt belə yerlərdən xəbəri olmur. Bu cür yerlər, belə maraqlı yaşayış yerləri əsasən ucqar dağ ətəklərində yerləşdiyindən qapıları insanların üzünə açıq olsa da bu qapıdan içəri girənlər, adətən, ekstrim həvəskarlar olur.
Lent.az-ın sizə göstərmək istədiyi bu cür yerlərdən biri Qusarın Böyük Qafqazın ətəklərində yerləşən, hər tərəfdən keçilməz yollarla əhatə olunan Sudur və ondan bir-iki kilometr aralıda yerləşən Quturğan kəndləridir.
Bu kəndlər rayon mərkəzindən o qədər də uzaqda yerləşmir - cəmi-cümlətanı 70 km. Amma ora addım-addım getməklə təqribən 3 saat vaxt lazımdır. Ümumiyyətlə, bu kəndlərə yol yoxdur desək, yanılmarıq, iz var, amma yol yoxdur. Kəndə yayda bir neçə növ dağ maşını qalxa bilir. Qışda isə demək olar ki, yollar bağlanır, əlaqə kəsilir.
Yolların ağır və yorucu olmasına baxmayaraq maşın pəncərəsindən o qədər gözəl mənzərələr, gur axan çaylar, qayalıqlardan nazik süzülən şəlalələr görünür ki, bir anlığa bütün yol yorğunluğu insanın canından çıxır. Və bir də hiss edəndə ki, bu unikal gözəlliyi görməyə gələn tək-tük insanlardansınız, o zaman adam az qalır xoşbəxtliyindən qanadlana.
Quturğan kəndi ilə Sudur bir icra nümayəndəliyi tərkibində idarə olunur. Bu kəndlər bir-birinə hava məsafəsi ilə çox yaxındır, quru yolu etibarilə olduqca uzaq. Çünki kəndlərin yerləşdiyi bu dağ silsilələri bir-birindən kanyonlar və dərələr vasitəsilə ayrılır.
Bu kəndlərin əhalisi etnik tərkibi etibarı ilə ləzgilərdir. Əsasən heyvandarlıqla məşğul olurlar. Əkinçiliklə də məşğul olan var. Əkin-biçin sahələri dağ ətəklərindədir. Yağıntı çox olduğundan dəmyə əkinçiliyidir.
Kənd insanları çox mehriban və adama yovuşandırlar. Bəzi yerlərdə olduğundan fərqli olaraq, bu dağ kəndlərində çəkiliş etmək çətin deyil, kəndlilər əlində fotoaparat tutan insandan qaçmır, əksinə, özləri ona doğru qaçırlar.
Əgər gəzib görməyə maraqlı yer axtarırsınızsa, bu bölgəyə gedin və mənim yazıb təsvir etməkdə çətinlik çəkdiyi daha çox gözəlliyi öz gözlərinizlə görün.